AZ

Bakı 2026-cı ildə SportAccord Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək

2026-cı ilin mayın 24-dən 28-dək Bakı şəhəri beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu platformalarından biri olan “SportAccord” Dünya İdman və Biznes Sammitinə ev sahibliyi edəcək. Bu münasibətlə təqdimat mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə,  tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycan son illərdə beynəlxalq idman tədbirlərinin təşkili sahəsində mühüm uğurlar əldə edib: “Ölkəmiz artıq beynəlxalq idman aləmində öz sözünü deyib. Biz bu uğurlu ənənəni davam etdirərək növbəti illərdə də nüfuzlu tədbirlərə ev sahibliyi etməyi planlaşdırırıq.”

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə “SportAccord” sammitinin Bakıda keçirilməsini ölkə üçün sevindirici hadisə kimi qiymətləndirib: “Bu tədbir idmanın gələcəyi ilə bağlı önəmli müzakirələr üçün qlobal platformadır və Azərbaycanın bu müzakirələrin mərkəzində olması çox önəmlidir.”

“SportAccord”un prezidenti Uğur Erdener isə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib və sammitin uğurla keçəcəyinə inandığını bildirib.

Təqdimat mərasimində Gənclər və İdman Nazirliyi, “SportAccord” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, 2003-cü ildə yaradılan “SportAccord” həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, o cümlədən Beynəlxalq Olimpiya Komitəsini bir araya gətirən nüfuzlu təşkilatdır. Təşkilatın əsas məqsədi idmanın qlobal inkişafına töhfə vermək, beynəlxalq əməkdaşlığı gücləndirmək və idmanın sosial, iqtisadi və mədəni əhəmiyyətini təşviq etməkdir.

Hər il keçirilən “SportAccord” sammiti qlobal idman və biznes ictimaiyyətinin əsas görüş platforması sayılır. Sammit çərçivəsində konfranslar, sərgilər, tərəfdaşlıq danışıqları və geniş şəbəkələşmə imkanları yaradılır.

Bakı şəhərinin bu mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq idman və biznes mühitində mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizi qlobal idman xəritəsində ön sıralara daşıyacaq.

 

 

Seçilən
9
90deqiqe.az

1Mənbələr