Macarıstan baş naziri: Biz Ukraynanı boşluğa itələmək istəmirik, onun gələcəyi olmalıdır...
Poliqon xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə bağlı mövqeyini açıqlayaraq ölkəsinin sülh planını təqdim edib. Onun sözlərinə görə, Budapeştin məqsədi Kiyevi təcrid etmək deyil, əksinə, Ukraynanın sabit və inkişaf etmiş gələcəyini təmin etməkdir.
Orban qeyd edib ki, dağılmış və zəifləyən qonşu dövlət Macarıstanın maraqlarına uyğun deyil:
“Biz Ukraynanı heç bir yerə itələmək istəmirik, biz Ukraynanın əleyhinə deyilik. Əksinə, biz onun gələcəyini görmək istəyirik. Çünki dağılmaqda olan qonşu ölkə bizə fayda gətirməz”, — deyə o bildirib.
Macarıstan lideri həmçinin Rusiyanın hərbi müdaxiləsinin məqsədini “Qərbin genişlənməsini dayandırmaq cəhdi” kimi qiymətləndirib. Orbanın sözlərinə görə, Avropa İttifaqı münaqişəyə böyük dövlət statusu qazanmaq üçün qoşulub, ABŞ isə daha çox iqtisadi üstünlük əldə etmək və Avropa İttifaqını öz təsiri altına salmaq istəyir. Kiyevin məqsədi isə beynəlxalq maliyyə dəstəyini saxlamaq və ölkədə iqtisadi böhranın qarşısını almaqdır.
Orban Avropa İttifaqının davranışlarını “axsaq ördəyə” bənzədib və bildirib ki, Brüssel yanlış istiqamətdə hərəkət edir. Onun fikrincə, danışıqlar Vaşinqtonla deyil, birbaşa Moskva ilə aparılmalı, əsas mövzu isə təhlükəsizlik zəmanətləri olmalıdır.
Baş nazir əlavə edib ki, Ukraynanın Aİ-yə qəbul edilməsi ideyası da bu planın bir hissəsidir:
“Çünki təsəvvür etmək olmaz ki, biz və digər ölkələr Avropa İttifaqının üzvü olan, hücuma məruz qalmış bir ölkəyə kömək göstərməyək. Bu, əvvəldən plan idi, sadəcə nəticələr düzgün hesablanmadı”, — deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Budapeştin sülh təşəbbüsü münaqişənin davamını deyil, əksinə, regionda təhlükəsizlik və sabitliyin bərqərar olunmasını hədəfləyir.
Poliqon.info