AZ

QHT sədri Tünzalə Abduləlimova: “Şəhidlər xiyabanındakı hörmətsizlik – açıq-aşkar biabırçılıqdır”

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında Şəhidlər xiyabanında baş verən xoşagəlməz hallara sərt münasibət bildirib.

Onun sözlərinə görə, qonaq adı ilə ölkəyə gələn bəzi xarici vətəndaşların davranışları nəinki ictimai asayişin pozulması, hətta xalqın dəyərlərinə açıq hörmətsizlik kimi qiymətləndirilməlidir:

“Şəhidlər xiyabanında baş verənlər sadəcə hörmətsizlik deyil, açıq-aşkar biabırçılıqdır. Qonaq adı ilə ölkəmizə gələn bəzi xaricilər sanki özlərini heç bir qayda və qanunun keçərli olmadığı yerdə zənn edirlər. Onların əxlaqsız davranışları, səs-küyü, ətrafı zibilləməsi, ictimai asayişi pozması təkcə o məkana deyil, bütün bir xalqın dəyərlərinə qarşı hörmətsizlikdir”, – deyə Abduləlimova vurğulayıb.

Birlik sədri qeyd edib ki, bu torpağın tarixi, mədəniyyəti və təbiəti hər kəs üçün müqəddəsdir və göz bəbəyi kimi qorunmalıdır. Əcnəbilərin isə bu dəyərlərə laqeyd və məsuliyyətsiz yanaşması qəbuledilməzdir:

“Qonaqpərvərliyimizi sui-istifadə edib özlərini hər şeyə icazəli sanmaq heç bir halda bağışlanmamalıdır. Cəmiyyət haqlı olaraq tələb edir ki, belə biabırçı hərəkətlərə göz yumulmasın. Qanun qarşısında hamı bərabərdir – istər yerli olsun, istərsə də xarici”, – deyə o bildirib.

Tünzalə Abduləlimova vurğulayıb ki, Şəhidlər xiyabanı bir əyləncə yeri deyil, milli dəyərdir:

“Kimlərinsə məsuliyyətsizliyi ilə bu müqəddəs məkanın adını ləkələməyə heç kimin haqqı yoxdur. Bu cür halların qarşısı qətiyyətlə alınmalı, bir daha təkrarlanmasına imkan verilməməlidir” – deyə ictimai birlik sədri əlavə edib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
80
qht.az

1Mənbələr