AZ

Viktor Osimhen millidə zədə aldı

Futbol üzrə Nigeriya millisinin və Türkiyə çempionu “Qalatasaray”ın 26 yaşlı mərkəz hücumçusu Viktor Osimhen zədələnərək sıradan çıxıb.

Arena.az xəbər verir ki, afrikalı forvard ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ruandaya qarşı keçirdikləri ev oyununda zədələnib.

Zədəsi ciddi olan futbolçu 35-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Osimhenin qarşıdakı günlərdə Cənubi Afrika Respublikasına qarşı keçirəcəkləri növbəti oyunda milli komandaya kömək edə bilməyəcəyi vurğulanır. Bu üzdən də o, qısa zaman içində millinin düşərgəsini tərk edərək “Qalatasaray”a qoşulacaq. Osimhenin zədəsinin nə dərəcədə ciddi olması və hansı müddətə qədər oynaya bilməyəcəyi məhz Türkiyədəki ətraflı müayinələrdən sonra müəyyənləşəcək.

Xatırladaq ki, Viktor Osimhen “Altimit Straykers”in məzunudur. Hücumçu, karyerası ərzində “Volfsburq”, “Şarlerua”, “Lill”, “Napoli” və icarə əsasında “Qalatasaray”da çıxış edib. Geridə qalmış mövsümdə Osimhen İstanbul klubu üçün 41 oyuna çıxıb, 37 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bu yay “Qalatasaray” rekord məbləğ ödəyərək Osimhenin transfer hüquqlarını da alıb. Keçid Türkiyə nəhənginə 75 milyon avro məbləğ müqabilində başa gəlib. Nigeriya yığmasının hücumçusu Türkiyə klubunda illik 15 milyon avro maaş alır. Viktorun “Qalatasaray”la 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Osimhen cari mövsümdə “Qalatasaray”ın heyətində 3 oyuna 2 qol vurub.

Viktor Osimhen 2017-ci ilin iyun ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 42 oyuna 26 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
44
arena.az

1Mənbələr