AZ

Makronun reytinqi çökdü: Prezidentə inam tarixdə ən aşağı həddə

Fransa əhalisinin cəmi 15 faizi ölkə prezidenti Emmanuel Makrona etibar edir. "Le Figaro" qəzetinin verdiyi məlumata görə, bunlar "Veria"nın sorğusunun nəticələridir. Bu məlumatlara əsasən, Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb. Sorğuya görə, fransızların 80 faizi Emmanuel Makrona etibar etmir, qalan 5 faiz isə cavab verməkdə çətinlik çəkib.

Ölkənin baş naziri Fransua Bayruya etimad səviyyəsi 14 faizə düşüb. Bu da onun vəzifəyə başladığı vaxtdan ən aşağı göstəricidir.

ZEYNAL

Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyevin fikrincə, Makronun nüfuzunun azalmasına səbəb onun ikinci prezidentliyi dövründə həyata keçirdiyi pensiya islahatlarıdır:

"Fransada qəbul edilən yeni qanuna görə, təqaüd yaşı 62-dən 64-ə qaldırıldı ki, bu da ölkədə kütləvi narazılıq yaratdı. Nəticədə genişmiqyaslı etirazlar və tətillər keçirildi. Paralel olaraq baş nazir Bayrunun təqdim etdiyi sosial xidmətlər paketi də ciddi narazılıq doğurdu. Bundan sonra prezident və hökumətin nüfuzu sürətlə düşməyə başladı.

Məsələnin ən maraqlı tərəfi odur ki, Makronun əsas gücü paytaxt Parisdədir. Regionlarda aparılan səhv siyasət, əsas layihələrin yalnız paytaxtda həyata keçirilməsi bölgələrdə işsizliyin artmasına səbəb oldu.

Bundan başqa, Emmanuel Makron sələflərindən fərqli olaraq aşağı təbəqə ilə işləməyi bacarmadı. Uzun müddət özəl sektorda rəhbər vəzifələrdə çalışmış Makron daha çox narsist xarakteri ilə fərqlənir. O, özünü güclü və əlçatmaz lider kimi göstərməyə çalışır ki, bu da insanlarda qıcıq yaradır".

Politoloq qeyd edib ki, azalan reytinq gələcəkdə Makron və komandası üçün çətin sınaq olacaq:

"Fransa 2027-ci ildə növbəti prezident seçkilərinə gedəcək. Konstitusiyaya görə, Emmanuel Makron 2 dəfə ard-arda seçildiyi üçün növbəti seçkidə namizəd ola bilməz.

Hazırda həm sağda, həm də solda bəzi şəxslər prezidentlik üçün potensial namizəd kimi nəzərdən keçirilir. Sağ cinahda Makron hökumətinin ilk baş naziri olmuş Eduard Filippin nüfuzu sürətlə artır. O, namizədliyini elan etməsə belə, hazırda ölkənin ən nüfuzlu siyasətçisidir.

Bundan başqa, anti-miqrant çıxışları ilə bilinən keçmiş daxili işlər naziri Bruno Retayyo, həmçinin radikal sağdan Milli Cəbhənin yeni parlayan ulduzu Jordan Bardella növbəti seçkinin potensial namizədləri sırasındadır.

Solçular arasında isə əsas mübarizə qocaman siyasətçi, radikal solçu Jan-Lük Melanşon, keçmiş prezident, Sosialistlər Partiyasının şanslı namizədlərindən Fransua Olland, eyni zamanda bu partiyanın parlayan ulduzu xanım siyasətçi Karol Delqa arasında gedir. Ancaq hər iki cinahda da Makronun həyata keçirdiyi siyasətə qarşı güclü narazılıq var. Əgər vəziyyət bu şəkildə davam edərsə, 2027-ci ildə Fransada təkcə prezident deyil, həm də 10 illik siyasi kurs dəyişəcək".

Xalidə Gəray
Musavat.com

Seçilən
86
2
musavat.com

3Mənbələr