AZ

Luis Enrike velosipeddən yıxıldı - əməliyyat ediləcək

Futbol üzrə Fransa çempionu PSJ-nin ispan baş məşqçisi Luis Enrike velosipeddən yıxıldıqdan sonra körpücük sümüyünü sındırıb.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ispaniyalı mütəxəssis xəstəxanaya çatdırılıb və əməliyyat olunacaq:

“PSJ Luis Enrikeyə tam dəstəyini ifadə edir və ona tezliklə sağlamlığına qovuşmağı arzulayır. Klub yaxın vaxtlarda əlavə məlumat təqdim edəcək”, – Fransız nəhənginin açıqlamasında deyilir.

Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. O, Paris təmsilçisini indiyə qədər ümumilikdə 122 oyuna çıxarıb. Parislilər 87 qələbə qazanıblar, 19 heç-heçə ediblər və 16 oyunda məğlubiyyətə üzülüblər, top fərqi isə 314:123 nisbətindədir.

Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub. 2024/2025-ci illər mövsümündə isə o, Fransa Kubokunun, Fransa Super Kubokunun ikiqat qalibi adını qazanıb, Fransa çempionu, ən əsası – UEFA Çempionlar Liqasının qalibi olub. Təcrübəli mütəxəssis bu il PSJ ilə UEFA Super Kubokuna da sahib çıxıb.

Enrike PSJ-dən əvvəl İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” komandalarını çalışdırıb. O, “Barselona” ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya Kubokunu qazanıb, 2015-ci ildə komanda həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FİFA Klub Dünya Kubokunun qalibi olub. Təcrübəli mütəxəssis 2018-2022-ci illərdə 2019-cu ildəki fasilə ilə İspaniya millisinə başçılıq edib.

Seçilən
93
arena.az

1Mənbələr