AZ

İctimai nəqliyyatda “Brutto” modeli: Gediş haqqı məsafəyə görə ödəniləcək?

“Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: “Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

Bu açıqlamalar fonunda ictimai nəqliyyatda tarif modellərinin dəyişməsi, sosial güzəştlərin tətbiqi və beynəlxalq təcrübənin ölkəmizdə necə uyğunlaşdırıla biləcəyi məsələlərini nəqliyyat üzrə ekspertlərlə müzakirə etdik.

Differensiallaşdırılmış tarif sistemi

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu, differensiallaşdırılmış tarif sistemidir və ictimai nəqliyyatın qiyməti müxtəlif amillər əsasında müəyyən olunur: “Məsələn, məsafəyə, gündəlik vaxt aralığına, nəqliyyat növünə və sərnişin kateqoriyasına görə fərqlənə bilər. Yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə differensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır. Xüsusilə, dövlətin sosial yönümlü siyasətinə dəstək olaraq həssas qruplar üçün güzəştlərin tətbiqi həm sosial ədalətin təminatına, həm də ictimai nəqliyyatın əlçatanlığına töhfə verir”.

Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir...

Mütəxəssis vurğulayır ki, yaxın gələcəkdə differensiallaşdırılmış tarif sistemi təkcə metroda deyil, ictimai nəqliyyatın digər seqmentlərində də geniş tətbiq edilə bilər: “Məsələn, aylıq kartlardan əsasən həmin şəhərdə yaşayan sakinlərin istifadə etməsi məqsədəuyğun olar. Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir və bu, uzunmüddətli istifadə üçün daha sərfəlidir. Digər tərəfdən, birdəfəlik və ya gündəlik kartlar, həmçinin məsafəyə əsaslanan tariflər isə əsasən şəhərə qonaq gələn turistlər üçün nəzərdə tutulur. Bu sistem, sərnişinlər üçün müxtəlif seçim imkanları yaradır və müxtəlif ehtiyaclara uyğunlaşır. Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri differensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Hətta hazırda bizdə də bəzi tariflər differensiallaşdırılmış formada tətbiq olunur və bu tendensiyanın genişlənməsi gözlənilir”.

Seçilən
6
12
publika.az

10Mənbələr