Azərbaycanın düzənlik ərazilərində təbii radioaktiv şüalanma səviyyəsinin dağ massivlərinə nisbətən 2 dəfəyədək kiçik olması müəyyənləşdirilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumat verilib.
Bildirilib ki, ölkənin bütün rayonları üzrə torpaq ərazilərdə radionuklidlərin paylanmasının tədqiqi bu torpaqlarda yalnız təbii radionuklidlərin cüzi miqdarının əkin torpaqları üçün xarakterik kiçik aktivliklərlə xarakerizə olunduğunu göstərir:
“İşğaldan azad edilmiş rayonları ərazilərində, o cümlədən, İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələrindən sonra cənub rayonlarında (İmişli, Beyləqan, Fizuli, Horadiz, Cəbrayıl, Qubadlı, Lerik, Lənkəran və Astara) aparılmış radiometrik ölçmələrin nəticələri də qeyd olunmuş göstəricilərlə uyğunluq təşkil edir, yəni qeyd edilmiş hərbi münaqişə zamanı da ölkəmizin əraziləri antropogen xarakterli radioaktiv çirklənməyə məruz qalmayıb.
Əhalinin bu ərazilərlə ilin əksər müddətində fasiləsiz təması halında belə ölkə ərazisində müşahidə edilmiş (və yuxarıda qeyd olunmuş) radioaktiv şüalanma səviyyəsi ilə “Əhalinin Radiasiya Təhlükəsizliyi haqqında” Qanununda göstərilmiş dinc əhali üçün yol verilən illik udulan radioaktiv şüalanma dozası həddindən (100 milliRentgen və ya 1 milliZivert) artıq doza yaranması mümkün deyil, yəni bu ərazilər əhalinin yaşaması üçün radioaktiv çirklənmə cəhətdən tam təhlükəsizdir.