AZ

Teatrımızın inkişafında xidməti olan istedadlı rejissor

Xalq üçün gərəkli işlər görmüş görkəmli insanlar, böyük sənətkarlar, tanınmış alimlər və dövlət xadimləri xeyirxah əməlləri ilə həmişə ölümsüzlük qazanırlar. Ömürləri başa çatandan, dünyalarını dəyişəndən sonra bu insanlar əbədi olaraq yaddaşlarda yaşayır, adları tez-tez hörmətlə xatırlanır, ehtiramla yad olunurlar. Buna görə də heç vaxt, heç zaman unudulmurlar. İstedad və bacarığı ilə əbədilik qazanmış, daim yaddaşlarda yaşayan görkəmli sənətkarlarımızdan biri də rejissor Vaqif İbrahimoğludur.

Azərbaycan teatrının inkişafında böyük xidmətləri olmuş görkəmli rejissor Vaqif İbrahimoğlu maraqlı ömür və yaradıcılıq yolu keçib. Ondan geriyə isə yaradıcılıq işləri ilə bağlı çoxlu xatirələr qalıb. İstedadı, bacarığı ilə mədəniyyətimizdə, teatr tariximizdə dərin və heç vaxt pozulmayan izlər qoyub. Ona görə də bu gün müasir Azərbaycan teatrında adı tez-tez çəkilən rejissorlarımızdan biri də odur. Vaqif İbrahimoğlunun ömür yollarını üzü geriyə vərəqlədikcə öyrənirik ki, o, 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin qədim kəndlərindən biri olan Mərdəkanda anadan olub. Kiçik yaşlarından incəsənət sahəsinə, xüsusilə aktyorluğa böyük maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra, 1967-ci ildə bu maraq Vaqif İbrahimoğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna gətirib. Həmin il gələcəyin tanınmış rejissoru bu ali təhsil ocağının dram və Kino aktyorluğu fakültəsinə qəbul olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu uğurla başa vurub. 

Bundan sonra gənc rejissorun yaradıcılıq yollarında geniş imkanlar açılıb. Vaqif İbrahimoğlu 1973-cü ildən 1976-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işləyib. Bu illər ərzində bir-birindən yaddaqalan rollar oynayıb, maraqlı və dəyərli obrazlar yaradıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb.

Görkəmli rejissor bu illər ərzində Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. Onun bir-birindən dəyərli səhnə əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Vaqif İbrahimoğlu gərgin zəhmət bahasına 1989-cu ildə YUĞ teatrını yaratmışıdır. Ömrünün sonuna qədər bu teatrın rəhbəri kimi çalışmışdır. 1992-ci ildə YUÜ Teatr-Studiyası dövlət statusu almışdır. Bundan sonra teatrın fəaliyyət göstərməsi üçün xeyli əlverişli şərait yaranmışdır. Teatrın yaradıcı kollektivi bu şəraitdən bacarıqla istifadə edərək bir-birindən maraqlı tamaşalar səhnəyə qoymuş, uğurlar qazanmışdır. Olduqca məhsuldar işləyən yaradıcı kollektiv səhnələşdirdiyi əsərləri ilə tamaşaçıları sevindirmişdir. Vaqif İbrahimoğlu "YUÜ" teatrına rəhbərlik etdiyi illər ərzində 90-a yaxın tamaşaya quruluş vermişdir. 

Səhnələşdirilən əsərlərin sırasına tanınmış xarici ölkə dramaturq və yazıçılarının əsərləri də daxildir. Tanınmış rejissor Vaqif İbrahimoğlu YUÜ teatrında çalışıdığı illər ərzində Şekspirin "Otello",  Ekzüperinin "Balaca şahzadə", Çexovun "Albalı bağı", Afaq Məsudun "Can üstə",  Kamal Abdullanın "Bir, iki, bizimki", Frans Kafkaya həsr olunmuş "Kafkadan salam", Məhəmməd Füzulinin "Həqiqətüs-süəda", Ramiz Rövşənin "Ağrı"  və başqa dramaturq və yazıçıların əsərlərinə quruluş vermişdir.

Vaqif İbrahimoğlu 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 2006-cı ildən isə görkəmli rejissor Prezident təqaüdü almışdır.

Çox təəssüf ki, ölüm görkəmli rejissor Vaqif İbrahimoğunu aramızdan erkən apardı.  Bir yaz günündə, 12 may 2011-ci ildə onun yaxından tanıyanların qapısını kədərli  bir xəbər döydü. Vaqif İbrahimoğlu dünyasını dəyişmişdi. 

Vaqif İbrahimoğlu kimi sənətkarlar ölümlərindən sonra ürəklərdə, qəlblərdə yaşayırlar. Onu tanıyanlar Vaqif müəllim haqqında xoş sözlər deyirlər. Deyilən sözləri oxuduqca, dinlədikcə necə də böyük bir insanı, böyük bir sənətkarı itirdiyimizi dərk edirik.  Xalq artisti Məleykə Əsədova istedadlı rejissoru xatırlayarkən demişdir: "İstedad gündə doğulmaz. İstedadlı insanlar 5-10 ildən bir dünyaya gəlir. Vaqif müəllim istedadlı aktyorlar yetişdirirdi. Tez dünyasını dəyişdi. Bu, incəsənətimizə ağır itkidir. Amma Vaqif müəllim qəlbimizdə, xatirələrimizdə daim yaşayacaq. Onun incəsənətə verdiyi töhfələr həmişə bizə zövq verəcək".

Sənətşünas Mərahim Fərzəlibəyov onu xatırlayarkən təəssüf hissi ilə demişdir ki, Vaqif İbrahimoğlu da Azərbaycanda xüsusi imzaya malik insanlardan idi. O ilk dəfə Azərbaycanda "Yuğ" adlı analoqu olmayan teatr yaratdı. O həm ideya, həm də rejissorluq baxımından sözünü deməyi bacardı. Düşünürəm ki, nə qədər ki, onun tələbələri var, onun yaratdığı teatr yaşayacaq.

Sənətşünas Məryəm Əlizadə Vaqif İbrahimoğlu Ankaradakı Qazi Universitetinin xəstəxanasında müalicə olunarkən ona baş çəkib. Müalicəsinin gedişi ilə, sağlamlıq durumu ilə maraqlanıb. Həmin günləri xatırlayan Məryəm xanım deyir: "Biz 3 ay müddətində Ankaranın Qazi xəstəxanasında olduq. Vaqif müəllim müalicə alırdı. Onun palatası türklər üçün Azərbaycan teatrı kimi idi. Türkiyənin müxtəlif şəhərlərindən onun yanına gəlirdilər. Onu türk sənətçiləri ziyarət edirdilər. Düşünürəm ki, Vaqif doğrudan da xoşbəxt insan idi. Baxmayaraq ki, sağalmaz xəstəliklə mübarizə aparırdı, amma onun siması daim gülüşlə dolu idi. Onun fəxr duyacağı tələbələri var. Vaqif gələcək planlar qururdu. O, ölüm haqqında heç düşünmürdü. O, bir kəlmə də olsun xəstəliyindən şikayət etmirdi. O, həyatından çox razı idi".

Xalq artisti Afaq Bəşirqızı tanınmış rejissoru bir dost, bir insan kimi xarakterizə edərək demişdir: "İnanmalı, arxalanmalı dost idi. Özü, sözü düz insan idi. Həyata qəribə baxışları vardı. Daha bir incini itirdik. Onun yoxluğu mənə rahatlıq vermir. İnanıram ki, Azərbaycan teatrına verdiyi yeni töhfələr onu əbədiyyətə qovuşdurub. Vaqif İbrahimoğlu yaddaşlarımızdan heç zaman silinməyəcək".

Amansız ölüm Vaqif İbrahimoğlunun yaradıcılıq planlarını da yarımçıq qoydu. Əgər yaşasaydı, ömür vəfa etsəydi, istedadlı rejissor hələ neçə-neçə əsərlərə səhnə quruluşu verəcəkdi. Onun ölümü teatrımız üçün ağır itki oldu. Təsəllimiz yalnız ondadır ki, Vaqif müəllim Azərbaycan teatrının inkişafı üçün xeyli dəyərli işlər görüb. Böyük əziyyətlər bahasına heç bir teatra bənzəməyən YUÜ-u yaradıb. Bir-birindən maraqlı əsərləri tamaşaya qoyub. Teatr sənətinə bir çox yeniliklər gətirib, uğurlar qazanıb. Görkəmli rejissoru yaşadan da, adını xatirələrdən silinməyə qoymayan da Azərbaycan teatrının inkişafı, tərəqqisi üçün gördüyü işlərdir.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr