AZ

Cənubi Koreya, ABŞ və Yaponiya sentyabrda birgə hərbi təlimlər keçirəcək

“Freedom Edge” adlı üçtərəfli təlim Çedjudo adası yaxınlığında baş tutacaq...

Poliqon xəbər verir ki, Cənubi Koreya, ABŞ və Yaponiyanın iştirakı ilə keçiriləcək illik “Freedom Edge” hərbi təlimlərinin aktiv mərhələsi sentyabrın 15-dən 19-dək davam edəcək. Bu barədə məlumatı Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsi yayıb.

Rəsmi məlumata görə, təlimlər beynəlxalq sularda, Cənubi Koreyanın Çedjudo adası yaxınlığında təşkil ediləcək. “Manevrlərdə iştirakçılar dəniz, hava və kiberməkan sahələrində çoxşaxəli əməliyyat imkanlarını gücləndirəcək, üçtərəfli əməkdaşlığın dayanıqlığını və qarşılıqlı fəaliyyətini artıracaqlar”, — qurumun bəyanatında bildirilib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Şimali Koreya ABŞ-ı Koreya yarımadasında gərginliyi artırmaqda və müharibə təhlükəsi yaratmaqda ittiham etmiş, təxribatların dayandırılmasını tələb etmişdi. Pxenyan o zaman ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə birgə keçirdiyi “Freedom Edge” təlimlərini nümunə göstərmişdi. Həmin dövrdə ABŞ-ın “Columbia” sualtı qayığı Busan limanına daxil olmuş, RC-135S tipli kəşfiyyat təyyarəsi isə yarımadanın üzərindən uçmuşdu.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr