AZ

"Rusiya indi anlayır ki, Azərbaycanla münasibətləri korlamaq özünün regiondakı təsirini zəiflədib" - AÇIQLAMA

"Rusiya indi anlayır ki, Azərbaycanla münasibətləri korlamaq özünün regiondakı təsirini zəiflədib" - AÇIQLAMARusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf edib.

O, jurnalistlərə bildirib ki, militarist Yaponiya üzərində qələbənin və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinin qeyd edilməsi münasibətilə bu gün Pekində keçirilmiş təntənəli mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə iki-üç kəlmə danışıb.

"Problemlər var, lakin mən bu gün Prezident Əliyevlə salamlaşdım, onunla və həyat yoldaşı ilə salamlaşdım. İki-üç kəlmə danışdıq", - deyə Rusiya lideri Çinə səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında bildirib.

Moskva-Bakı münasibətlərinin vəziyyətini şərh edən Putin vurğulayıb ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətdən və hər hansı bir siyasi konyukturadan irəli gələrək müəyyən məsələlər yaranır:

"Amma mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər halda hər şeyi öz yerinə qoyacaq".

"Putinin Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac olduğunu etiraf etməsi Moskvanın vəziyyətini göstərən əhəmiyyətli mesajdır"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Kreml uzun illərdir Cənubi Qafqazda birtərəfli oyun oynamağa çalışır, amma nəticədə etimadı itirib. Ermənistanla hərbi əməkdaşlıq, Qarabağdakı sülhməramlıların fəaliyyəti və qeyri-obyektiv mövqe Azərbaycan cəmiyyətində Rusiyaya qarşı inamsızlıq yaradıb.

Rusiya indi anlayır ki, Azərbaycanla münasibətləri korlamaq özünün regiondakı təsirini zəiflədib. Buna görə də Putin "fundamental münasibətlər"dən danışır, amma bu sözlər konkret addımlarla sübuta ehtiyac duyur. Çünki Moskvanın hər dəfə siyasi konyukturaya uyğun davranması münasibətləri zədələyib.

Azərbaycan Rusiyadan asılı deyil, həm Qərb, həm də Şərqlə əlaqələrini gücləndirərək balanslı siyasət qurub. Bu səbəbdən Rusiya münasibətləri düzəltmək üçün təşəbbüskar görünməyə məcburdur. Əks halda, Kremlin bölgədəki mövqeləri daha da zəifləyəcək.

Putinin çıxışı açıq göstərir ki, Azərbaycanla normal dialoq Moskvanın zərurətinə çevrilib. Amma münasibətlərin real bərpası yalnız qarşılıqlı hörmət və bərabər prinsiplər üzərində mümkün ola bilər".

Seçilən
48
sonxeber.az

1Mənbələr