AZ

Türkiyənin milli valyuta ilə ticarət həcmi artır

Ankara, 4 sentyabr, AZƏRTAC

Bu ilin ilk səkkiz ayında türk lirəsi ilə xarici ticarət əməliyyatlarının həcmi rekord həddə - 944 milyard 645 milyon lirəyə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,5% çoxdur.

AZƏRTAC bu barədə Türkiyənin Ticarət Nazirliyinin məlumatlarına istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında xarici ticarətdə müşahidə olunan müsbət meyillər milli valyuta ilə aparılan əməliyyatlara da təsir edib.

Ümumiyyətlə, ilin əvvəlindən 168 ölkənin şirkətləri ilə türk lirəsi ilə ixrac-idxal müqavilələri bağlanılıb.

“Əgər 2024-cü ilin yanvar-avqust aylarında türk lirəsi ilə xarici ticarət əməliyyatları 707,5 milyard lirə təşkil edirdisə, bu ilin ilk 8 ayında bu əməliyyatların həcmi 944 milyard 645 milyon lirəyə çatıb”, - deyə nazirlik bildirib və əlavə edib ki, təkcə 2025-ci ilin avqust ayında 31,864 türk şirkəti xarici ticarətdə iştirak edib.

Daha əvvəl Türkiyənin Ticarət Nazirliyi məlumat vermişdi ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyə ixracının ümumi həcmi 178,1 milyard dollara çatıb ki, bu da ötən ilin ilk səkkiz ayının müvafiq göstəricisindən 4,3% çoxdur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
61
5
azertag.az

6Mənbələr