AZ

Deputat seçiciyə uduzdu

Milli Cəbhə Partiyası (MCP) İmişli rayon sakini Nadir Şirinovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, partiyanın nümayəndəsi əvvəlcə İmişli Rayon Məhkəməsinə müraciət edib.

Şikayətdə bildirilib ki, tikintidə usta işləyən İmişli rayon sakini Nadir Şirinov internet kanallarından birində partiyanın sədri, eyni zamanda rayonun deputatı Razi Nurullayev və ailə üzvləri barədə təhqir, böhtan xarakterli fikirlər səsləndirib.

Şikayət ərizəsində qeyd olunub ki, Nadir Şirinov Razi Nurullayevi biznesə himayədarlıq kimi ağır cinayətdə ittiham etməklə yanaşı, həyat yoldaşını da təhqir edib.

Məlumat üçün deyək ki, Nadir Şirinov deputat Razi Nurullayevi “Astroy” tikinti şirkətinin qeyri-rəsmi sahibi kimi təqdim edib. O bildirib ki, özü ilə birlikdə 8 nəfər usta Laçın şəhərində evlərin tikintisində çalışıb. Həmin vaxt R.Nurullayev, onun qardaşları və həyat yoldaşı ilə də danışıqları olub. Tikinti başa çatdıqdan sonra usta briqadası haqqını ala bilmədiyini deyib. Şirinovun sözlərinə görə, tikinti işlərinə görə üstəlik onun adına vergi borcu da yaranıb.

Partiya isə səslənən iddiaları cəfəngiyyat hesab edir. MCP iddia edir ki, yayılan məlumatların məqsədi deputatın şərəf və ləyaqətini alçaltmaq, nüfuzuna xələl gətirmək və şantaj yolu ilə maddi mənfəət əldə etmək olub. Həmçinin deyilənlər sifarişli xarakter daşıya və deputatın İmişli rayonundakı fəaliyyətinə kölgə sala bilər. Qeyd olunan səbəblərdən partiya N.Şirinovun cinayət məsuliyyətinə cəlb edilərək qanunauyğun cəzalandırılmasını tələb edib.

Xüsusi ittihamçı kimi çıxış edən partiyanın nümayəndəsi prosesdə iştirak etməyib. MCP yalnız internet üzərindən yayımlanan sözügedən verilişin videoyazısını sübut kimi təqdim etməklə kifayətlənib.

Seçilən
79
9
publika.az

10Mənbələr