AZ

Hər məkanın öz sirri var: Bakıda Papanın qaldığı otel niyə iflas oldu?

Fen-şuy ustası Ülviyyə Məcidova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Publika.az onunla müsahibəni təqdim edir.

- Ülviyyə xanım, fen-şuy təlimininin mahiyyəti və əsas prinsipləri nələrdir? Bu elm harada və necə yaranıb?

- Təlim Çində yaranıb, hərfi tərcümədə fen - külək, şuy - su deməkdir. Qədim Çin fəlsəfəsində külək və su təbiət enerjisinin (Çi) hərəkətini və axışını simvolizə edir. Təlimdə məqsəd məkanlarda bu enerjinin harmoniyasını təmin etməkdir ki, həyat, sağlamlıq və uğur üçün müsbət təsir yaransın. Söhbət küləkdən yox, dağlardan gəlir. Ona görə ki, enerji dağlarda yaranır və suyun qarşısında dayanır. Bu, fizikanın qanunları ilə izah olunur.

Su ilə dağın arasındakı məsafə çox potensiallı bir yerdir və burada enerji yüksək olur. Fen-şuy elmdir, o, üç elm sahəsini ehtiva edir: fizika, coğrafiya və həndəsə. Bizdə iki növ enerji mövcuddur - müsbət və mənfi. Müsbət enerji saat əqrəbi istiqamətində, mənfi isə saat əqrəbinin əksinə hərəkət edir. Saat əqrəbi istiqamətində gedən enerji kişi enerjisini, əks istiqamətə yönələn isə qadın enerjisini təmsil edir. Coğrafiyadan danışsaq, dağların və çayların xüsusiyyətlərini yaxşı bilməliyik. Çay haradan başlayır və hansı istiqamətə axır. Qədim Çində bu elm yalnız imperatorların və yüksək rütbəli şəxslərin istifadəsində olub.

Bu təlim Tang və Di sülalələrinin dövründə geniş tətbiq edilib. Hakim sülalərin şəxsi konsultantları mövcud idi. Adi insanlar bu biliklərə yiyələnə bilmirdi. Bundan başqa, çinlilər bu elmi çox gizli saxlayır və xarici ölkələrlə paylaşmırdılar.

Ötən əsrin 80-ci illərində avropalıların bu elmi öyrənmək üçün maraq göstərdiyini görəndə o zamankı Çin rəhbərliyi Fen-şuyu təhrif edən kitabların yazılması barədə göstəriş verdi. Məqsəd o idi ki, avropalılar bu təlimi sınasınlar və görsünlər işləmir, maraqlarını itirsinlər. Lilianto adlı müəllif belə bir yalan bilgilərlə zəngin kitab yazdı. Kitabdakı məlumatların həqiqi Fen-şuy ilə əlaqəsi yox idi və insanlara heç bir təsir göstərmirdi. Əsl Fen-şuy yalnız ustadlardan şagirdlərə ağızdan-ağıza ötürülür...

- Siz özünüz bu elmi haradan öyrənmisiz?

- Mən əvvəlcə Bakıda Tibb Texnikumunu, daha sonra Dərbənd İqtisadiyyat Universitetini bitirmişəm. Bu sahələrin heç birində çalışmamışam. Fen-şuy təlimini Moskvada və Kiyevdə ustadlardan öyrənmişəm. Yan Qon, Vin Leo kimi ustadlardan dərs almışam. Bakıda bu sahənin yeganə mütəxəssisiyəm deyə iddia edə bilərəm.

- Belə çıxır ki, Fen-şuy təliminin prinsipləri daha çox inşaat və memarlıq layihələrində tətbiq olunur. Onun konkret təsirləri müşahidə edilirmi?

- Bəli, Fen-şuy həm inşaat işlərində, həm də məzarlarda tətbiq olunur. Yaşayış binalarının, iş yerlərinin, obyektlərin harda, necə tikilməli olduğunu Fen-şuy prinsipləriylə müəyyənləşdirsəniz, insanlar həm xoşbəxt və sağlam ömür sürər, həm də yaxşı qazanarlar.

Bir də məzarlara diqqət yetirmək lazımdır. Xüsusi qəbir işləri yalnız dövlət başçıları üçün edilir. Sizə bir hadisəni danışım. Əslində metafizik düşüncəyə görə, Donald Trampın qismətində ABŞ prezidenti olmaq yox idi. Onun çox güclü Fen-şuy konsultantı vardı. Onun məsləhətiylə əvvəl atasının və yaxud babasının məzar daşı üzərində dəyişiklik edildi. Həmin dəyişiklikdən sonra bildirildi ki, müəyyən dövrdə Tramp prezident olacaq. Bu barədə hətta “Simpsonlar” cizgi filmində də eyham vurulmuşdu.

Başqa nümunələr də çəkə bilərəm. Bir xanım öz oğlu üçün Fen-şuy konsultantına müraciət etmişdi. Babasının məzar daşında dəyişiklik etdirərək, övladının yaxşı vəzifəyə keçməsini istəmişdi. Lakin 0,75 dərəcəlik düzgün bucaq seçilməmişdi. Nəticədə vəzifə istətən oğul dünyasını dəyişmişdi.

Mən özüm qəbirlərlə məşğul olmuram və böyük işlərə müdaxilə etmirəm. Eləcə də uşağın doğulmasına qarışmıram. Bəzən valideynlər istəyirlər ki, övladlarının gözəl taleyi, varlı həyatı olsun. Bunun üçün uşağın doğum saatının seçilməsi tələb olunur. Amma mən buna qarışmıram, çünki bu, yalnız Allahın işidir.

- Bəzən iddia olunur ki, səhər saatlarında doğulan uşaqlar günün digər vaxtlarında-gündüz və ya gecə doğulanlara nisbətən daha xoşbəxt olurlar.

- Xeyr, düzgün deyil. Hər günün özünəməxsus yaxşı və pis vaxtları olur. Saatların da fərqi olur. Məsələn, səhərdən axşama gün ümumilikdə çətin sayılsa da, elə anlar olur, həmin saatda doğulan uşağın taleyi uğurlu alınır.

- Fen-şuy təlimi bunu necə müəyyən edir?

- İnsan taleyi üç əsas faktordan asılıdır: doğum tarixi, Fen-şuy təlimi və insanın düşüncəsi. Bu amillərin hər biri insan telyinə 33 faiz təsir edir. Ustadların sözlərinə görə, bu üç amildən ikisi insanda mövcuddursa, o, bəxtəvər olur.

Misal üçün, mənim doğum tariximdə ilk iki faktor zəif idi. Əslində, mənim taleyimə görə, 2018-ci ildə xəstəlikdən ölməliydim. 2000-ci ildə Elbrus dağlarına praktika üçün getmişdim. Orada mənə dedilər ki, gənc yaşda ölə bilərsən və bu, başınla bağlı olacaq. Amma Fen-şuy təlimi ilə məşğul olsan, həyatın dəyişər. Mən də məşğul oldum və həyatım dəyişdi.

- Demək, bu təlimə əsasən insanlar taleyini dəyişə bilər?

- Allah hər kəsin taleyini fərqli yazıb. Kimin taleyində nə varsa, onu yaşayacaq. Amma insanın düşüncə səviyyəsi yüksək olanda Allah izn verir ki, o, həyatını dəyişsin. Əgər həyatınızda hamını günahlandırır və düzgün davranmırsınızsa, onda Fen-şuya uyğun evdə yaşaya bilməyəcəksiniz.

- Bəs insana əşyalar və ya başqa canlılar rahatlıq gətirirmi?

- Heç bir əşyanın Fen-şuya birbaşa təsiri yoxdur. Məsələn, deyirlər ki, fil evə ruzi-bərəkət gətirir. Bu, düzgün deyil, fil sadəcə dekor elementidir. Mənim evim əsas düzgün qurulmuş tavan, podium (səhnə), soba və qapıların istiqamətidir. Məsələn, yataq otağımın qapısının istiqamətini dəyişmişəm.

- Bəs insanın insana təsiri? Mənim romanımda belə bir fikir var: “Ən böyük hadisə insanın insana rast gəlməsidir”. Siz bu fikirlə razısınızmı?

- Bəli, düzgün yanaşmadır. Hər bir insan müəyyən vaxtda doğulur və həmin vaxtın öz vibrasiyası olur. Məsələn, iş yerində kiminsə enerjisi sizə qarşı neqativdirsə, siz bunu dərhal hiss etməyə bilərsiniz, amma işlərinizdə axsamalar olacaq. Buna görə biz yüksək vəzifəli şəxslərin ətrafını düzgün insanlarla formalaşdırırıq! Onun köməkçisi, sürücüsü, uşaqlarına baxan dayə, ev yığışdıranı – hamısının doğum tarixini yoxlayırıq. Əgər uyğun gəlirsə, həmin adam yüksəlir.

Roma Papası Fransisk Bakıya gələndə ondan hansı oteldə qalmaq istədiyini soruşmüuşdular. O, intuisiyası əsasında bir məşhur oteli seçmişdi. Bu, elə-belə, təsadüfi seçim deyildi, Papanın sövqi-təbii hissiyyatının diqtəsiydi. Qəribədir ki, sonradan həmin otelin müəyyən hissəsi satıldı və enerji axını kəsildiyindən fəaliyyətini dayandırdı.

Mən konsultasiyaya gələn vəzifəlilərdən onlara ən yaxın altı nəfərin doğum tarixini istəyirəm ki, kimlərlə uyğun, kimlərlə uyğunsuz olduğunu müəyyən edim. Çünki hər yeni insan həyatınıza daxil olanda, onun düşərli olub-olmadığını yoxlamaq lazımdır.

Ailə qurmaq istəyən bir xanım vardı. Doğum tarixindən görünürdü ki, kişilər onun həyatına girəndə dünyasını dəyişir. İki dəfə evlənmişdi, hər iki həyat yoldaşı vəfat etmişdi, hətta sevgilisinin də ürəyində problem yaranmışdı. Mən ona dedim ki, bu münasibəti bitirsin, əks halda o insan da həyatdan gedəcək.

- Fen-şuya görə cütlüklərin xoşbəxt olmasının düsturu varmı?

- Biz bu dünyaya təsadüfən gəlməmişik. Hər kəsin öz missiyası və sınaqları var. Məsələn, bir xanım vardı, ailə qurmaq istəyirdi, amma onun doğum tarixində görünürdü ki, bütün kişilər ona xəyanət edəcək. Ona dedim ki, sən bunu qəbul etməlisən. Bu kişinin həyatında həmişə başqa qadınlar olacaq. Bu sənin sınağındır, qəbul etməsən, növbəti həyatında da təkrarlanacaq...

Seçilən
8
3
publika.az

4Mənbələr