AZ

Molla dəbdəbəli ehsanların müdafiəsinə qalxdı...


Tural İrfan: “Dində yas zamanı yemək vermək, ehsan süfrələri açmaq göstərişi, tövsiyyəsi yoxdur”

Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində yas mərasimlərində ehsan süfrələrinin ləğvi müşahidə olunur. Artıq bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir.

Bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Ancaq bu qərar yas məslisini idarə edərə mollaları və yas məclisinə baş sağlığına gələn bəzilərini qane etmir. Məlumata görə, ehsan qadağası tətbiq edilən bəzi bölgələrdə yas məclisinə gələn qonaqların sayı artıq azalıb. Hətta bu günlərdə Samuxun Çobanabdallı kəndində molla videomüraciət çəkərək insanların yasa az gəlməsindən gileylənib və bunun ehsan verilməməsi ilə bağlı olduğunu iddia edib. Bölgələrdə yas məclisində ehsanın ləgv edilməsindən sonra yas məclisinə gedən olmur. Məlum mollanın videomüraciəti ictimaiyyət arasında birmənalı qarşılanmayıb. İddia edilir ki, “bəzi mollalar” hələ də yas yerində ölən şəxsə dua oxumaq əvəzinə, yağlı plov yemək, təmtəraqlı süfrələrin olmasını istəyir.

“Bəzi qondarma mollalar bazarlarının bağlanmasından narahatlıq keçirib dəbdəbəli ehsan məclislərinin ləğvinə birbaşa, yaxud dolayı maneələr yaratmağa cəhd edirlər”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzi qondarma mollalar bazarlarının bağlanmasından narahatlıq keçirib dəbdəbəli ehsan məclislərinin ləğvinə birbaşa yaxud dolayı maneələr yaratmağa cəhd edirlər. Bunun da qarşısını rəsmi din xadimləri almalı, əhalini düzgün maarifləndirməlidirlər: “Ümumiyyətlə dində yas zamanı yemək vermək, ehsan süfrələri açmaq göstərişi, tövsiyyəsi yoxdur. Heç Peyğəmbər özü vəfat edəndə belə ehsan verilməyib. Kim yasa ölüyə hörmətə görə gəlirsə o başa düşəcək. Yox, kimsə ölünü bəhanə edib yeməyə, boğaz otarmağa gəlirsə eləsinin yasa gəlməyindən gəlməməsi yaxşıdır. Məgər yas, hüzn məclisi qarın doldurmaq yeridir? Kim ki, yemək verilmədiyinə görə yas getmir, demək o şəxs ora başsağlığı verməyə, ölü sahibinə dəstək olmağa deyil, qarnını otarmağa gedirmiş. Ancaq məsələ belədir ki, dəbdəbəli yas, ehsan süfrələri ləğv ediləndən sonra insanlar rahatlaşıb, əksinə gedib başsağlığı verib qayıdırlar. Əvvəlcə yemək - içmək, boş-boş söhbətlər o qədər olurdu ki, məclis yas məclisi təsiri bağışlamırdı, qonaqlığa oxşayırdı. Amma indi sadə və səmimi şəkildə yola verilir. Ləğv edilən bölgələrdən çoxsaylı təşəkkürlər gəlir ki, bizi bu israfçılıqdan qurtardınız. Düşünmürəm ki, bütün yerlərdə yemək olmadığından camaat yasa getməsin. Ola bilər gəlib başsağlığı verib gediblər. Çünki adətən camaat yemək süfrəsinə görə toplaşıb gözləyir həmişə. İndi də yemək olmadığına görə oturmayıb gediblər. Yas məclisi nə piket, nə aksiyadır. Nə də qarın oyatmaq yeri. Harda yazılıb ki, yasda mütləq yüzlərlə adam olmalıdır. Hamı bir yerə toplaşmalıdır? Qətiyyən elə şey yoxdur. İnsanlar müxtəlif vaxtlarda da gedib başsağlığı verə bilər. Şərt o deyil ki, eyni vaxtda hanı bir yerə cəmləşə. Xurafatdan, cəhalətdən, dindən sui-istifadədən əl çəkmək lazımdır. Mərhuma başsağlığı verib, müəyyən qədər də dəstək olub dönüb qayıtmaq lazımdır. İslama uyğun yas belə olmalıdır”.

Günel CƏLİLOVA

Seçilən
50
baki-xeber.com

1Mənbələr