ain.az, Bakupost saytına istinadən bildirir.
“Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra, ona məxsus olduğu bildirilən Naxçıvandakı “Naxtel” mobil operatorunun taleyi barədə uzun müddət qapalı müzakirələr aparılırdı. Hətta “Naxtel”in “Azercell” tərəfindən satın alınacağı barədə xəbərlər dolaşırdı. Lakin ötən günlər qəfil olaraq “Naxtel” bağlanacağını elan edib. Müştərilərinə də bildirib ki, digər mobil operatorlara keçid etməyənlərin nömrələri ləğv olunacaq. “
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O, mobil operatorunun ləğv edilməsini doğru hesab etmir:
“Necə ola bilər ki, İran və Ermənistanla üz-üzə duran bir regionda illərlə formalaşmış və dayanıqlı milli rabitə infrastrukturu birdən-birə ləğv edilsin?
“Naxtel” Naxçıvanda ən geniş əhatəyə malik mobil operatordur. 4G xidməti ilə ən ucqar yaşayış məntəqələrini belə sabit rabitə və internetlə təmin edirdi. Üstəlik, geniş tezlik resurslarına sahib idi. Halbuki burada fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Nar” yalnız məhdud ərazilərdə – əsasən rayon və şəhər mərkəzlərində xidmət göstərə bilirlər.
Sadə hesablama göstərir ki, ya bu ərazilər rabitəsiz qalacaq, ya da onların telefonlarında “İrana xoş gəlmisiniz” mesajı görünəcək. Burada diqqət çəkən digər mühüm məqam həm də təhlükəsizlikdir. Naxçıvanın Ermənistanla sərhədi dağlarla əhatələndiyindən, əvvəllər qanunsuz siqnal müdaxilələri daha çox İran tərəfindən gəlirdi. Uzun illər ərzində İran güclü radiorabitə vasitələrilə siqnallarını Azərbaycan ərazilərinə yönəltməklə informasiya məkanımıza müdaxilə edib. Lakin “Naxtel”in baza stansiyaları gücləndikdən sonra, xüsusən də DRİ və BTİ ilə birgə aparılan işlər nəticəsində Naxçıvanın informasiya məkanına İran tərəfindən olan müdaxilələrin qarşısı yetərincə alınırdı.”
Osmans Gündüz müvafiq qurumların mövzu ilə mövqe bildirməli olduqlarını vurğulayıb:
“Görəsən “Azercell”, “Bakcell” və “Nar”ın Naxçıvandakı hazırkı zəif infrastrukturu İranın güclü radiovasitələri qarşısında tab gətirə biləcəkmi? İKTA-nın mövqeyi haradadır?
Ən təəccüblü məqamlardan biri də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, xüsusən də tənzimləyici qurum – İKTA-nın prosesdən kənarda qalmasıdır. Böyük bir operator bazardan çıxır və ya çıxarılır, həm də müştərilərə sadəcə “digər operatorlara miqrasiya edin” absurd mesajı ötürülür. Belə bir hal, yalnız telekom sektorda tənzimləyicisi olmayan ölkələrdə baş verə bilərdi. Əgər sektorda bu cür spontan və koordinasiyasız qərarlar veriləcəksə, onda əsas sual ortaya çıxır: İKTA nə üçün mövcuddur? Heç bir koordinasiya yoxdur, İKTA-nın mövqeyi bəlli deyil.
Görəsən Naxtel infrastrukturunu dağıtmadan bunu həll etmək mümkün olmazdımı ?
Belə həssas regionda dayanıqlı bir, strateji bir telekommunikasiya infrastrukturunu ləğv etmək doğurdanmı düzgün qərardır?
Görsən İKTA həmin regionda radiomüdaxilələrlə bağlı ölçmələr aparıbmı ? Naxtel sıradan çıxarılandan sonra radiomüdaxilələrin vəziyyəti necə olacaq. İKTA yarana biləcək vəziyyətlə bağlı datanı RİNN-ə təqdim edibmi?
Naxçıvan kimi strateji bir bölgədə dayanıqlı telekommunikasiya infrastrukturunun sıradan çıxarılması, insanların sabah hansı rabitəyə bağlanacağını, mobil telefonlarında hansı ölkənin salamlama mesajını alacağını bilməməsi ağlasığmazdır.
Baş verənlər isə yalnız telekommunikasiya məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Ümid edirəm qərar verənlərimiz də baş verənlərin fərqindədirlər.”
Aysel,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.