Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb.
Hafta.az-ın yazdığına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi xaricdə yaşayan soydaşlarımıza ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmasını və qorunmasını təmin etməkdən ibarətdir.
Qeydiyyat üç yaş qrupunda aparılacaq: Kiçik yaş qrupu: 6–10 yaş; Orta yaş qrupu: 11–13 yaş; Yuxarı yaş qrupu: 14–18 yaş.
Tədris prosesi aşağıdakı kimi olacaq:
Onlayn dərslər 15 sentyabr 2025-ci ildən etibarən başlayacaq və dərslər həftədə 2–3 dəfə olmaqla onlayn şəkildə keçiriləcək. Təcrübəli müəllimlər tərəfindən tədris edilən dərslər interaktiv və maraqlı formada aparılacaq.
Proqram 3 səviyyədə – başlanğıc, orta və yüksək olmaqla hazırlanıb.
Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər və dərslərə qoşulacaqlar. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.