Astana, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 2-14-də Qazaxıstanda dörd mütəxəssisdən ibarət ICAO beynəlxalq ekspertlər komandası tərəfindən aparılan aviasiya təhlükəsizliyi üzrə audit keçirilir.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinə istinadla xəbər verir ki, audit zamanı milli aviasiya təhlükəsizliyi sisteminin kompleks təftişi aparılacaq.
Qiymətləndirmə Astana və Almatı beynəlxalq hava limanlarını, eləcə də Qazaxıstan aviaşirkətlərini əhatə edəcək. Ekspertlər milli qanunvericiliyin beynəlxalq standartlara və ICAO-nun tövsiyələrinə uyğunluğuna xüsusi diqqət yetirəcəklər.
Auditin məqsədi aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə cari tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və onların daha da təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsidir.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana