AZ

İstanbulda qlobal iqlim məsələləri müzakirə edildi

BAKI, 2 sentyabr. TELEQRAF

İstanbulda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və TÜBİTAK-ın tərəfdaşlığı ilə “Cleantech Days”-Qlobal Təmiz Texnologiya İnnovasiya Proqramının (GCIP) illik qlobal forumu keçirilib.

Teleqraf xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən təmiz texnologiya sahibkarlarını, yüksək vəzifəli şəxsləri, innovatorları və ekspertləri bir araya gətirən tədbir təmiz texnologiya innovasiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və yaşıl iqtisadiyyatların təşviqi məsələlərini müzakirə etmək məqsədi daşıyıb.

Tədbirdə Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov təmsil edib.

Forum çərçivəsində “Regional əməkdaşlıq vasitəsilə yaşıl innovasiyanın irəlilədilməsi: Türk Dövlətləri Təşkilatının (TDT) rolu” mövzusunda panel iclası keçirilib.

UNIDO-nun Türkiyədəki daimi nümayəndəsi Süleyman Yılmazın moderatorluğu ilə keçirilən paneldə TDT-nin Baş katibi Kubaniçbek Ömüraliyev, UNIDO-nun Baş direktorunun müavini, texniki əməkdaşlıq və davamlı sənaye inkişafı üzrə direktoru Ciyong Zou, TÜBİTAK-TEYDEB-in prezidenti Mehmet Aslan və Türkiyənin Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr üzrə Baş direktoru Aylin Sekizkök iştirak ediblər.

Panelin çıxışçıları arasında Rəşad Xalıqovla yanaşı, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Nurlan Kurmalaev, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin idarə rəhbəri Kezban Akkurt, TÜBİTAK-TEYDEB-in sədr müavini Alp Eren Yurtseven, Özbəkistanın İnnovativ İnkişaf Agentliyinin direktorunun müşaviri Timur Azamov yer alıb.

İclasda çıxış edən Rəşad Xalıqov bildirib ki, İRİA ölkədə təbiət dostu texnologiyalarının tətbiqi ilə dayanıqlı rəqəmsal ekosistem formalaşdırıb. Bu baxımdan “mygov”, “digital.login”, rəqəmsal sənəd dövriyyəsi və “digital.bridge” kimi rəqəmsal həllərin həm vətəndaşyönümlü xidmətlər yaratdığını, həm də ətraf mühit üçün müsbət təsirini qeyd edib.

Müzakirələr sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, müəssisələrin dəstəklənməsi, eləcə də inklüziv enerji keçidinin irəlilədilməsi istiqamətində davam edib.

Qeyd edək ki, bu proqramlarda iştirak edən Azərbaycan startapı “AZIRRIGATION”in, həmçinin Azərbaycan və Türkiyədən olan təsisçilərin yaratdığı “Wastespresso”nun hər biri 50 min avro investisiya qazanıb.

Seçilən
7
5
teleqraf.com

6Mənbələr