AZ

Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq.

Marja.az Banka istinadən xəbər verir ki, bunu AIIB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liqun Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi haqqında birgə bəyannamənin imzalanması zamanı bildirib.

"Azərbaycan AIIB-in təsisçilərindən biri kimi əvvəldən bizim üçün dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir. Birgə bəyannamə qarşılıqlı əlaqəli gələcəyin formalaşdırılmasına yönəlmiş uzunmüddətli investisiya proqramı hazırlamağa dair səylərimizi əks etdirir. AIIB Azərbaycanla həm ölkə daxilində, həm də regionda onun milli prioritetlərini və infrastrukturunun inkişafını dəstəkləmək üçün işləməyi səbirsizliklə gözləyir", - o vurğulayıb.

Proqram üç əsas istiqamətə fokuslanacaq. Buraya dekarbonizasiyaya töhfə verən və milli iqlim hədəflərini dəstəkləyən qabaqcıl, iqlim dəyişikliyinə davamlı infrastrukturun maliyyələşdirilməsi; Azərbaycanın mühüm beynəlxalq ticarət və logistika dəhlizi kimi rolunu gücləndirmək üçün yeni nəsil nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafı; innovativ maliyyə modellərinin yaradılması və dövlət-özəl tərəfdaşlıq üçün əlverişli mühitin yaradılması hesabına özəl investisiyaların stimullaşdırılması daxildir.

Xatırladaq ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və AIIB-in Bankın baş investisiya direktoru Konstantin Limitovski ötən gün Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Bankın prezidenti Cin Liqunun iştirak etdiyi mərasimdə Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

AIIB 2016-cı ildə fəaliyyətə başlayıb. Hazırda onun 110 təsdiq edilmiş üzvü və 100 milyard ABŞ dolları məbləğində nizamnamə kapitalı var.

Seçilən
38
2
marja.az

3Mənbələr