AZ

Prezidentin Çinə səfəri Azərbaycanın Asiya ilə Avropa arasında əməkdaşlıq körpüsü rolunu möhkəmləndirir 

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu, xüsusən də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bunun ən bariz nümunələrindən biri Çinlə münasibətlərin tarixində müşahidə olunan yüksək dinamika və yeni mərhələyə qədəm qoyulmasıdır. Prezident İlham Əliyevin bu il ərzində Çinə ikinci dəfə səfər etməsi ikitərəfli münasibətlərin yalnız iqtisadi çərçivədə deyil, həm də siyasi, humanitar və mədəni aspektlərdə də gücləndiyini göstərir. İmzalanmış Birgə Bəyanat, vizasız rejimin tətbiqi barədə qərar və bir sıra strateji sənədlər bu əlaqələrin möhkəmlənməsini sübut edən faktorlardır. Çinə münasibətdə Azərbaycanın da nümayiş etdirdiyi ardıcıl siyasət və etibarlılıq ölkəmizi bu nəhəng dövlət üçün vacib tərəfdaşa çevirib.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Çinlə əməkdaşlıq çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün xüsusi yer tutduğunu diqqətə çatdıran deputat əlavə edib: “Azərbaycan bu layihənin fəal iştirakçısı kimi həm öz tranzit potensialını artırır, həm də Avropa ilə Asiya arasında qlobal nəqliyyat zəncirinin mühüm halqasına çevrilir. Orta Dəhliz üzərindən keçən yükdaşımalar təkcə region ölkələrinin maraqlarına xidmət etmir, eyni zamanda, beynəlxalq ticarətin şaxələndirilməsi baxımından da əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın bu təşəbbüsdə mərkəzi mövqeyini daha da möhkəmləndirir. Bu prosesin davamlı xarakter alması ölkəmizin gələcək onilliklərdə regional tranzit xəritəsində əsas oyunçu olaraq qalacağını göstərir”.

Müşfiq Məmmədli hesab edir ki, enerji layihələri də Azərbaycanın strateji çəkisini artıran mühüm amillərdəndir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP qaz xətləri ölkəmizin enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, eyni zamanda, regionun enerji təhlükəsizliyinə töhfə verir. Çinlə əməkdaşlıq çərçivəsində isə yeni istiqamətlər ortaya çıxır: alternativ və bərpaolunan enerji sahəsində investisiya imkanları, xüsusilə Günəş və külək enerjisi üzrə layihələr iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir. Bu, Azərbaycanın enerji tranzit ölkəsindən enerji istehsal və ixracında yeni texnologiyaları tətbiq edən bir mərkəzə çevrilməsi perspektivini gücləndirir.

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) “dialoq tərəfdaşı” statusu da diqqətəlayiq məqamdır. Bu platforma həm təhlükəsizlik, həm iqtisadi, həm də mədəni-humanitar əməkdaşlıq baxımından böyük potensiala malikdir. Azərbaycan bu strukturda yalnız simvolik iştirakçı deyil, praktiki fəaliyyət göstərən, təşəbbüslər irəli sürən və əməkdaşlığa töhfə verən tərəfdaşdır. Gələcəkdə tamhüquqlu üzvlük ehtimalı isə ölkəmizin beynəlxalq təşkilatlardakı mövqelərini daha da gücləndirə bilər. Belə bir addım Azərbaycanın qeyri-neft sektorunda ticarət, logistika, rəqəmsal iqtisadiyyat və texnologiyalar üzrə yeni imkanlar qazanmasına yol açacaq.

Digər mühüm məqam isə Azərbaycanın regional sabitlikdə oynadığı roldur. Çinin dövlət rəhbərliyinin Prezident İlham Əliyevə göstərdiyi yüksək diqqət, məhz ölkəmizin Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təmin edilməsində aparıcı rolunu qəbul etmələri ilə bağlıdır. Azərbaycanın Ermənistanla sülh gündəminə sadiqliyi, eyni zamanda, regional layihələrin hər kəs üçün açıq olması, ölkəmizi etibarlı tərəfdaş və güclü müttəfiq kimi təqdim edir. Bu, həm Çin, həm də digər böyük dövlətlər üçün Azərbaycanı strateji seçimə çevirir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinə budəfəki səfəri çərçivəsində sentyabrın 1-də Türkiyə və Pakistan liderləri ilə keçirilən görüşlər Azərbaycanın yalnız ikitərəfli münasibətlərdə deyil, həm də regional və çoxtərəfli formatlarda fəal iştirak etdiyini göstərir. Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatlı görüşdə Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın regional əməkdaşlıq və çoxtərəfli tərəfdaşlığa verdiyi töhfələrin yüksək səviyyədə təqdimatı oldu. Eyni zamanda, dövlətimizin başçısının çıxışı Azərbaycanın çoxtərəfli əməkdaşlıqda tutduğu prinsipial mövqeyi açıq şəkildə nümayiş etdirdi. Bu əməkdaşlıq formatları həm siyasi koordinasiyanı, həm də iqtisadi layihələrin sinxronlaşdırılmasını təmin edir.

Azərbaycan Prezidentinin Çinə budəfəki səfərinin ölkəmizin Asiya ilə Avropa arasında sabitlik, təhlükəsizlik və əməkdaşlıq körpüsü rolunu daha da möhkəmləndirdiyini diqqətə çatdıran deputat sonda əlavə edib: “Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu milli maraqlara söykənir və hər bir istiqamətdə konkret nəticələrə yönəlib. Çinlə münasibətlərin yüksəliş dövrü, Orta Dəhliz və enerji xətləri üzərindən tranzit imkanlarının genişlənməsi, bərpaolunan enerji sahəsində perspektivlər, ŞƏT çərçivəsində əməkdaşlıq və regional sabitliyin təmin olunmasında lider mövqelər ölkəmizin beynəlxalq siyasətdə rolunu daha da gücləndirir. Bu, həm Azərbaycanın qlobal arenada nüfuzunu artırır, həm də milli iqtisadiyyatın şaxələndirilməsi və uzunmüddətli inkişafına xidmət edir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda strateji tərəfdaş və etibarlı oyunçu kimi qəbul olunur”.

"Azərbaycan"

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr