AZ

“Qarabağ“ 4 milyon ödəməkdən imtina edib, qayıdış baş tutmayıb

“Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Olavio Juninyonu geri qaytarmaqda problemlə üzləşib.

Ağdam təmsilçisi “sambaçı”nı icarəyə götürmək istəsə də, “Flamenqo” razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya “Qarabağ“dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.

Yerli A Seriyasının nümayəndəsi 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olması barədə ağdamlı həmkarlarını məlumatlandırıb. Onlar yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını bildiriblər. “Qarabağ“ isə həmin məbləği ödəməkdən boyun qaçırıb.

Səbəbkarın özü isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. Juninyo “Qarabağ“ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.

Qeyd edək ki, o, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

İdman.biz

Seçilən
51
2
idman.biz

10Mənbələr