AZ

Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi: strateji tərəfdaşlıq, çoxtərəfli əməkdaşlıq və sülh gündəliyi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər ötən onilliklər ərzində dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulmuşdur. İki ölkə arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf etmiş, qarşılıqlı dəstək beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərmişdir.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da Çin Xalq Respublikasına işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional sülhün beynəlxalq miqyasda dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Səfərin həm ikitərəfli görüşlər, həm də çoxtərəfli formatda aparılan müzakirələrlə zəngin olması onun əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin ilə görüşü, aparıcı Çin şirkətləri ilə danışıqları və “ŞƏT plyus” formatında keçirilmiş müzakirələr səfərin çoxşaxəli xarakterini nümayiş etdirmişdir.

 Bu səfər yalnız siyasi dialoqun dərinləşməsi deyil, həm də iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı maraqların təmin olunması baxımından yeni imkanlar açır. Çin Xalq Respublikasının rəhbərliyi ilə aparılan yüksək səviyyəli görüşlərdə qlobal siyasətdə qarşılıqlı dəstək məsələləri müzakirə olunmuş, beynəlxalq hüquqa hörmətin, suverenlik və ərazi bütövlüyü prinsiplərinin önəmi vurğulanmışdır. “Bir kəmər, bir yol” təşəbbüsünə uyğun olaraq Azərbaycanın Orta Dəhliz vasitəsilə tranzit potensialı və ticarət rəqabətliliyi diqqət mərkəzində olmuşdur.

Eyni zamanda, Azərbaycan regionda etibarlı tərəfdaş və mühüm tranzit ölkə kimi Çinin diqqət mərkəzindədir. Belə ki, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uzlaşdırılması xüsusi önəm kəsb etmişdir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı kimi layihələr Çinin Avropaya çıxışında strateji mövqeyi gücləndirir.

Azərbaycan Prezidenti Çinin aparıcı enerji, infrastruktur və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə bərpa olunan enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuş, bir sıra razılaşmalar əldə edilmişdir.

Görüşlər zamanı, həmçinin Azərbaycanın regionda həyata keçirdiyi sülh gündəliyi xüsusi diqqət mərkəzində olmuşdur. Çin tərəfi 8 avqust 2025-ci il tarixində Vaşınqtonda imzalanmış Azərbaycan-Ermənistan sülh sazişini dəstəklədiyini bəyan etmiş, bu sənədin Cənubi Qafqazda dayanıqlı sabitlik və inkişaf üçün mühüm zəmin yaratdığını vurğulamışdır. Prezident İlham Əliyev isə Azərbaycanın bundan sonra da beynəlxalq hüquqa əsaslanan sülh siyasətinə sadiq qalacağını, regionun əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi üçün bütün zəruri addımları atacağını qeyd etmişdir.

Qeyd edək ki, Çin Xalq Respublikasının təşəbbüsü ilə keçirilmiş “ŞƏT plyus” formatında yüksək səviyyəli görüşdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təminatı mövzularında geniş fikir mübadiləsi aparmışlar. Burada, həmçinin, ötən il Astanada keçirilmiş ŞƏT Sammitində Azərbaycanın ortaya qoyduğu prinsipial mövqenin davamlı şəkildə inkişaf etdiyi təsdiqlənmişdir. Azərbaycan həmin sammitdə də dialoq və əməkdaşlığın önəmini vurğulamış, qlobal sabitliyin möhkəmlənməsi naminə çoxtərəfli platformalarda aktiv fəaliyyət göstərmişdir.

Belə ki, Prezident İlham Əliyevin iştirak etdiyi “ŞƏT plyus” formatında yüksək səviyyəli görüş çoxtərəfli əməkdaşlığın yeni müstəvisi kimi çıxış etmişdir. “Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı”, - “ŞƏT plyus” formatında yüksək səviyyəli görüşdə ölkə başçısı vurğulayıb.

Prezident İlham Əliyev çıxışında deyib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin “Sinxua” agentliyinə verdiyi müsahibəsində Azərbaycan-Çin münasibətlərinin strateji xarakterini vurğulamış, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahələrində böyük potensialın mövcud olduğunu bildirmişdir. Həmin müsahibədə dövlətimizin başçısı həmçinin Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinin ölkəmizin əsas prioritetlərindən biri olduğunu bəyan etmişdir. Çin səfəri zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər və aparılmış müzakirələr Prezident İlham Əliyevin həmin müsahibədə ifadə etdiyi strateji baxışların ardıcıl şəkildə həyata keçirildiyini bir daha təsdiqləmişdir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, iqtisadi, nəqliyyat, enerji və innovasiya sahələrində əməkdaşlığın genişlənməsinə xidmət etmişdir.

Eyni zamanda, bu səfər Azərbaycanın təşəbbüsü ilə imzalanmış sülh sazişinə beynəlxalq dəstəyin təmin olunması, ölkəmizin regional və qlobal miqyasda mövqelərinin güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Nəticə etibarı ilə, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal sülh, sabitlik və inkişaf naminə ortaq fəaliyyətin bariz nümunəsi kimi dəyərləndirilir.

Seçilən
12
6
sabahinfo.az

7Mənbələr