AZ

ATƏT-in Minsk qrupunun buraxılması – Azərbaycanın növbəti diplomatik uğuru

Azərbaycanın sülh strategiyası təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanının daha geniş coğrafiyasında uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin yaradır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra həyata keçirilən siyasətin əsas xəttini qarşılıqlı faydaya əsaslanan sıx regional əməkdaşlıq münasibətləri təşkil edir:

“Sadəcə hələ də müəyyən maneələr mövcuddur. Lakin Prezident İlham Əliyevin çevik və uğurlu diplomatiyası nəticəsində Azərbaycan qarşısında duran hədəflərə nail olmaqdadır. Dünya birliyi də artıq Azərbaycanın yürütdüyü siyasətin mahiyyətini qəbul edir və dəstəkləyir. Bu səbəbdən də Azərbaycan yalnız Cənubi Qafqazda sülhün memarı deyil, həm də təminatçısı kimi qəbul olunur. Çünki aydındır ki, regionda dayanıqlı sülh nəticə etibarilə qlobal sülhə və təhlükəsizliyə mühüm töhfə verəcək. Ona görə də Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinin şərtləri bir-bir qəbul olunmaqdadır”.

Deputat əlavə edib ki, Cənubi Qafqazda sülhə mane olan əsas amillərdən biri də ATƏT-in Minsk qrupu idi:

“ATƏT-in Minsk qrupunun əsas missiyası bölgədə sülhə nail olmaq idi. Amma 30 illik fəaliyyəti ərzində biz onun təxribatçı mövqeyi ilə üzləşdik. Məqsəd münaqişəni həll etmək deyil, davam etdirmək idi. Hətta İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, bu qurum yenə də təxribatçı fəaliyyətdən əl çəkmirdi. Lakin Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qətiyyətli diplomatiyası nəticəsini verdi. Nəticədə nəinki Ermənistan, hətta Minsk qrupuna üzv ölkələr belə geri addım atmaq məcburiyyətində qaldılar”.

Kamran Bayramov xatırladıb ki, 2025-ci il 8 avqustda Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin üçtərəfli görüşündə Cənubi Qafqazda dayanıqlı sülhə mane olan əsas amillərdən biri kimi ATƏT-in Minsk qrupunun buraxılması barədə razılıq əldə olunub:

“ABŞ da bu qurumun həmsədrlərindən biri idi. Nəhayət, dünyanın supergücü olan ABŞ Azərbaycanın haqlı tələbini qəbul edərək öz imzası ilə təsdiqlədi. Bunun nəticəsi olaraq 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk prosesi və əlaqəli strukturların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etdi. Strukturların bağlanmasından irəli gələn bütün təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırıldı. Qərara əsasən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün sənədlər də qüvvədən düşmüş elan olundu”.

Deputat vurğulayıb ki, bununla da vaxtilə münaqişənin həlli üçün yaradılmış institutların artıq yeni şəraitdə lüzumsuz olduğu bütün ATƏT üzvləri tərəfindən qəbul edilərək, onların bağlanması rəsmiləşdirildi.

“Bu qərar Azərbaycanın növbəti diplomatik qələbəsi olmaqla yanaşı, həm də regionda sülh və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyimizi davam etdirməyə geniş imkanlar açır. Əminəm ki, bölgədə dayanıqlı sülhə mane olan amillərdən biri – Ermənistanın Konstitusiyasında və bəzi normativ sənədlərində yer alan ərazi iddiaları da aradan qaldırılacaq. Bununla da Azərbaycanın yaratdığı reallığa uyğun olaraq bölgədə davamlı sülh təmin olunacaq, yeni əməkdaşlıq formatları yaranacaq. Azərbaycanın Cənubi Qafqazda sülhü təmin etmək istiqamətində atdığı addımlar isə bütövlükdə qlobal sülhə töhfə verəcək. Bu həm də cənab Prezidentin məqsədyönlü siyasətinin nəticəsidir və Azərbaycanın bundan sonra da yeni diplomatik qələbələr qazanacağına şübhə yoxdur”, – deyə deputat qeyd edib.

Seçilən
94
40
olke.az

10Mənbələr