AZ

Ermənistanın tələb etdiyi və sazişə salınmayan bənd...


Abutalıb Səmədov: "Artıq layihə paraflanıb, bundan sonra layihəyə heç bir dəyişiklik edilə bilməz"

Sülh müqaviləsinin imzalanmasına əsas maneə Əliyevin irəli sürdüyü ilkin şərtdir: Ermənistan ilk növbədə konstitusiyasını dəyişməlidir. Ermənistan konstitusiyasının lap əvvəlində “Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” deyilən müstəqillik bəyannaməsinə istinadın olması ciddi əngələ çevrilib. Bu barədə BBC məlumat yayıb.

Bu ilkin şərt o deməkdir ki, bu il sülh sazişi imzalanmayacaq. Konstitusiyanın dəyişdirilməsi 2026-cı ilin ortalarına qədər baş tutma ehtimalı az olan referendum tələb edir və onun da nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Hələ razılaşdırılmış mətnin həll etmədiyi başqa problemlər də var.

"Bu sənədin beynəlxalq təminatçısı varmı? Tərəflərdən biri müqaviləni pozarsa, bundan sonra nə baş verir? BMT-yə gedəcəkmi? Bunu təsbit edən BMT Təhlükəsizlik Şurasının qətnaməsi varmı?" – deyə Karnegi Mərkəzinin baş əməkdaşı Tomas de Vaal soruşur.

Ermənistan mübahisələrin həlli üçün beynəlxalq mexanizm daxil etməyə çalışırdı, lakin bu bənd sənədin yekun mətninə daxil edilməyib, de Vaal əlavə edir.

Ermənistanın Azərbaycan ilə sülh sazişinə daxil edilməyən tələbi barədə niyə Ermənistan tərəfi deyil, məhz Tomas de Vaal danışır?

Baki-xeber.com-a məsələni şərh edən politoloq Abutalıb Səmədov bildirdi ki, Tomas de Vaal Azərbaycan-Ermənistan münaqişəsi üzrə mütəxəssislərdən biridir, Qarabağ münaqişəsi barədə kitab yazıb və həmin kitab 90-cı illərdə bir neçə dildə çap edilib: "O, regionu və bölgənin tarixini yaxşı bilən Qərb mütəxəssislərindən biridir. Tamamilə mümkündür ki, onun iddia etdiyi müddəa Azərbaycanın razılığı olmadığına görə sülh sazişinin layihəsinə daxil edilməyib.

Tomas de Vaal iddia edir ki, gələcəkdə Ermənistan yaranacaq mübahisələrin beynəlxalq mexanizmlər vasitəsilə həlli barədə müddəanı sülh sazişi layihəsinə daxil etmək istəyib. Azərbaycan isə buna etiraz edib.

Hesab edirəm ki, bu etiraz çox düzgün və yerində edilib. Çünki dövlətlərarası münasibətlərdə çoxlu sayda problemlər, mübahisələr və münaqişələr yarana bilər. Onların həlli mexanizmilərindən biri beynəlxalq institutların gücündən istifadə edilməsidir. Lakin bunun üçün sülh sazişində belə bir müddəanın olmasına heç bir ehtiyac yoxdur. Təbii ki, əgər gələcəkdə aramızda hər hansı bir konflikt yaransa, onu beynəlxalq səviyyədə mövcud olan institutlar vasitəsilə aradan qaldırmağa cəhd göstərəcəyik, bunun başqa yolu yoxdur. Dövlətlər arasında yaranan mübahisələr ya beynəlxalq hüququn tələbləri nəzərə alınmaqla, bunu həll etmək səlahiyyəti olan beynəlxalq qurumlarda müzakirə edilir, ya da zor tətbiq etməklə hansısa tərəfin xeyrinə həll etməyə çalışırlar. Yaranan mübahisələrin həllində zor tətbiq etməmək öhdəliyini sülh bağlayan tərəflər - Azərbaycan və Ermənistan öz üzərinə götürür. Sülh sazişi də məhz elə bunun üçün bağlanır. Bu səbəbdən sülh sazişinin layihəsində ortaya çıxacaq mübahisələrin beynəlxalq mexanizmlər vasitəsilə həll edilməsi öhdəliyini tərəflərin öz üzərinə götürməsinə ehtiyac yoxdur. Çünki bu, beynəlxalq hüququn tələbidir.

Hesab edirik ki, uzun mübarizədən sonra Azərbaycan və Ermənistan optimal bir sülh sazişi layihəsinin ərsəyə gəlməsinə nail olublar. Biz bu prosesin nə qədər ağrılı keçdiyini yaxşı xatırlayırıq. Çünki bu prosesi əvvəlindən işləmişik. Azərbaycanın baza prinsiplərini təqdim etməsindən başlanmış, hər dəfə Ermənistanın bu prosesi ləngitmək üçün ortaya atdığı əsassız müddəaları yaxşı xatırlayırıq. O da unudulmayıb ki, bu müddəalardan sonradan Ermənistanın özü imtina edib.

Bu gün paraflanmış sülh sazişinin ortada olması üçün Azərbaycan əlindən gələni edib. Yenə də xatırlatmağa ehtiyac var ki, Ermənistan "Qarabağın statusu"nu da layihəyə salmaq istəyirdi, sonradan Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin beynəlxalq mexnizmilər vasitəsi ilə təmin edilməsi məsələsini qaldırdı. Daha sonra ortaya başqa prinsiplər çıxdı. Avropa Siyasi Birliyinin sammitində Almanıya, Fransa və bütövlükdə Avropa Birliyinin dəstəklədiyi üç prinsip ortaya atıldı. Bütün bunlardan sonra Azərbaycan nəhayət 17 maddəlik sülh sazişinin qəbul edilməsinə nail ola bildi. Artıq layihə paraflanıb, bundan sonra layihəyə heç bir dəyişiklik edilə bilməz.

Güman edirəm ki, bundan sonra daha çox Azərbaycanla Ermənistanı yaxınlaşdıran məsələlərdən danışılmalıdır. Həm Azərbaycanda və Ermənistanda fəaliyyət göstərən politoloqlar və siyasi ekspertlər, həm də Qərb mütəxəssisləri daha çox bu iki ölkəni birləşdirən məqamları qabartmağa çalışmalıdırlar. Çünki bu gün Rusiya təhlükəsi hər iki ölkənin üzərində qalmaqdadır. Həm sülh sazişinin imzalanmasında, həm də Zəngəzur dəhlizinin açılmasında əsas maneə yenə də Rusiyadır. Hələ uzun müddət Rusiya bu prosesə əngəl yaratmaq üçün əlindən gələni edəcək. Bu cəhdlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan birlikdə fəaliyyət göstərməli və bir-birinə dəstək verməlidirlər. Əks təqdirdə, əvvəllər olduğu kimi, bu prosesdə qazanan Rusiya, itirən isə Azərbaycan və Ermənistan olacaq".

Akif NƏSİRLİ

Seçilən
103
50
baki-xeber.com

10Mənbələr