Bu gün “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.
İtkin ailələri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsindən cavab gözləyir
Görüşdə itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova və “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin digər təmsilçiləri təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldirib.
5 ildə 28 kütləvi məzarlıq
İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir.
Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.
Zədələnən inam
Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd ediblər.
BMT itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçi institutu yaratsın
Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri – Gabriela Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər götürdüklərini bildiriblər.
Qeyd edək ki, bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətlərinə BMT səviyyəsində baxılmasına dair ilk haldır


