AZ

Qalmaqallı muğam müsabiqəsi: "Qaliblər nə qohumum, nə tələbəmdir" - AÇIQLAMA

IX “Muğam” Televiziya Müsabiqəsinin nəticələri bəzi iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Onlar çıxışların qeyri-obyektiv qiymətləndirildiyini, ədalətsizliklə üzləşdiklərini iddia ediblər.

Müsabiqənin münsiflərində biri, Xalq artisti Mənsum İbrahimov yarışma ətrafında gedən narazılıqlarla bağlı Bakupost.az -a danışıb. O, bütün bunların əvvəlki illərdən fərqli olaraq, builki müsabiqədə cəmi 3 mükafatçıya yer verilməsindən qaynaqlandığını deyib:

“Bu dəfə müsabiqədə 7 nəfər finala çıxdı. Onların hər biri çox istedadlıdır. Sadəcə, bu dəfə bizə 3 yer verdilər, ona görə də münsiflər üçün çox çətin oldu. Həftələr ərzində toplanan ballar da nəzərə alındı və 6 nəfər münsif arasında səsvermə oldu. Nəticədə səs çoxluğu ilə 3 nəfər seçildi. Seçilənlər arasında mənim nə tələbəm, nə də qohumum var. Əslində o seçilməyən, narazılıq edən Kənan 4 il mənim tələbəm olub. Təbii ki, istəyərdim ki, mənim tələbəm də orada yer tutsun. Aycan da mənim tələbəm Təyyar Bayramovun tələbəsidir. O da çox istedadlı ifaçıdır. Ümumiyyətlə, finala çıxanların hər biri çox istedadlı ifaçılardır.

İştirakçıların kənarda qalmaqla bağlı fikirləri ilə razıyam. Sadəcə, müsabiqənin gedişatında bildirildi ki, bu dəfə 3 yer ayrılıb. Biz 3 yeri 7 ifaçı arasında bölə bilməzdik”.

Mənsum İbrahimov Xalq artisti Səkinə İsmayılovanın münsiflərin qərarları ilə bağlı iradlarına da münasibət bildirib:

“Kaş ki, Səkinə xanım da orada olaydı. O, səhhəti ilə bağlı finalda iştirak edə bilmədi. Təbii ki, hər bir münsifin öz fikiri var. Orda Səkinə xanımdan başqa 6 nəfər səs verdi".

Qeyd edək ki, iştirakçı Kənan Novruzov mükafatlandırma mərasimində ona təqdim olunan diplomu qəbul etməyib. Daha sonra isə özünə qarşı haqsızlıq olunduğu ilə bağlı açıqlama verib. Digər narazı iştirakçı Aycan Şükürlü isə etirazını videomüraciət ilə bildirib və nəticələrə yenidən baxılmasını istəyib.

Seçilən
20
5
hurriyyet.az

6Mənbələr