Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) məlumat yayıb.
Agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.
Qeyd olunub ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub:
“Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək”.