"Azərbaycan Beynəlxalq Bankının” (ABB) müştərisi Fuad Hüseynov ödənişinin banka vaxtında oturmadığını bildirərək məsələni ictimailəşdirib.
Şikayətçiyə görə, o, avqustun 1-də "TamKart” kredit xəttinə 100 manat ödəniş edib. Lakin ödəniş ABB sistemində əks olunmayıb və müştərinin hesabında borc "gecikmə” kimi göstərilib.
Narazı vətəndaş məsələ ilə bağlı bankla əlaqə saxlayıb. Ona "texniki problem var, vəsait yaxın günlərdə oturacaq” cavabı verilib. Amma günlər keçsə də, nəticə dəyişməyib. Üstəlik ödəniş oturmadığı üçün ona gecikmə də düşüb, borcuna faiz gəlib:
"Sonra yenidən müraciət etdim. Dedilər ki, ödəniş etdiyiniz terminal ilə danışın. Terminal tərəfi dedi ki, vəsait bizdən keçib, heç bir problem yoxdur, bankla danışın. İki tərəf məsuliyyəti bir-birinin üzərinə atır. Sonda da deyirlər ki, nə üçün kartı bağlamaq istəyirsiniz”.
Müştəri ödənişi MilliÖn terminalı vasitəsilə etdiyini təsdiqləyən qəbzi də sosial şəbəkədə paylaşıb. Hadisə ABB-nin xidmət keyfiyyəti və texniki sistemlərinin etibarlılığı ilə bağlı suallar doğurub. Bank müştəriləri bankın məsuliyyəti üzərindən atmaq əvəzinə, problemi dərhal həll etməsini gözləyir.
ABB vətəndaşın ictimailəşdirdiyi şikayətlə bağlı təəssüf etdiyini bildirib. Bank əlavə edib ki, problemin ən qısa müddətdə aradan qaldırılması üçün əllərindən gələni edəcəklər.