AZ

Azərbaycan yeni dünya nizamını formalaşdıran dövlətlərdəndir

İstər hal-hazırda hakimiyyətdə olan, istərsə də tarixdə iz qoymuş şəxsiyyətlərə diqqət yetirsək mətbuatla, kütləvi informasiya vasitələri ilə yaxşı münasibətləri olan o qədər çox liderə rastlamarıq. Adətən ya yarıtmaz siyasət, ya da xalqdan gizlədilən planlar liderləri mətbuatdan və kiv-dən uzaq salır. Azərbaycan lideri haqqında bu sözləri demək olmaz. Çünki o hər dəfə deyir ki, “xalqımdan heç nə gizlətmirəm və tərəfdaşlarımla səmimi davranıram”. Bu, doğrudan da cənab Prezidentin davranışlarında öz əksini tapır. Bu xüsusiyyətləri onu nadir və sevilən liderə çevirib.

Biz Prezident cənab İlham Əliyevi çox tez-tez yerli və xarici mətbuat orqanlarına müsahibə verərkən görürük. Elə bu günlərdə “Əl-Ərəbiyə” kanalına verdiyi müsahibədə də yadda qalan anlar, məqamlar, açıqlamalar olmuşdur. Adətən müsahibələrində daxili və xarici siyasətimizə toxunan, özümüzdən danışan, öz planlarımızı ifadə edən cənab Prezident bu dəfə bizimlə bilavasitə əlaqəli bir çox incə məqama da toxundu. Bildiyimiz, bilmədiyimiz, təsəvvür etdiyimiz məsələlərin əsil mahiyyətini gördük, eşitdik. Həm də birinci şəxsdən..

Əlbəttə, ilk söz, ilk fikir artıq bitmiş və sülh müqaviləsi paraflanmış, keçmişdə qalmış, mövcud olmayan Qarabağ münaqişəsi haqqında ətraflı Yaxın Şərq izləyicilərinə məlumat verən cənab Prezident məsələnin sonluğu ilə bağlı öz fikirləri dilə gətirib. Doğurdan da bundan sonra tərəflər bu müqavilənin həyata keçirilməsindən geriyə addım ata bilməzlər. Kimlərsə buna maneə olmaq istəyə bilərlər. Lakin buna da imkan vermək olmaz və ümumiyyətlə pis ssenarilər haqqında düşünmək belə, istəmirik.

Zəngəzur mahalı, Zəngəzur yolu, Zəngəzur tarixi və ümumiyyətlə Azərbaycanın əsas hissəsinin Naxçıvandan ayrılması məsələsinə dərindən nəzər salaraq sanki tarix dərsi izah edirmiş kimi xarici izləyiciləri məlumatlandıran cənab Prezident medianın, mətbuatın gücünü yaxşı bilir. O Vətən müharibəsində və daha sonra müharibənin nəticələrinin qəbul olunmasında bu gücdən hərtərəfli xeyirimizə istifadə edə bilib.

Zənzəzurun tarixindən bəhs edərkən “Sovet Rusiyası” ifadəsinin işlədilməsi də təsadüfi deyildir. Sanki möhtərəm Prezident Rusiyaya tariximizdə heç də xoş olmayan izlər buraxmış öz işğalçı siyasətini xatırladır. Eyni zamanda da Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən hələ bir əsr əvvəl işğal olunması faktını dilə gətirmək iki məqama işarə idi. Birincisi, biz Rusiyanın əsil mahiyyəti ilə çoxdan tanışıq. İkincisi, Rusiya da bizim bir əsr əvvəlki Azərbaycan olmadığımızı yaxşı bilir. Azərbaycan Xalq Cümhuriyyətinə, bir əsrdən artıq demokratik dövlətçilik tariximizə cənab Prezidentin belə doğma yanaşması onun milli məsələlərdə həssas olduğunu göstərir.

Bizim bütün səmimi və qonşuluq münasibətlərimizə rəğmən Rusiyanın Azərbaycan təyyarəsinə və azərbaycanlılara qarşı sözün bütün mənalarında qəddar davranışının qəbul olunmaz olduğunu dövlət başçısı cəsarətlə dilə gətirdi. Hələ də əsil dost ölkə necə davranmalıdırsa, o cür də gözləntimiz olduğunu cənab Prezident dedi. Bəli, müsahibə növbəti ustad dərsi hesab oluna bilər. Məsələn, Prezidentin hətta müharibə vaxtı sərhədlərimizə daxil olan Rusiya helikopteri ilə bağlı fikirlərini öyrənmək, tədbiq etmək lazımdır. Biz çox şey istəmirik. Məhşur rus misalında deyildiyi kimi: “Necə salam vermişiksə, elə də salam almaq istəyirik. Və yaxud necə salam verəcəklərsə, elə də salam alacaqlar.” Qarşılıqlı ehtiram, hörmət bizimlə münasibətin əsas açarıdır.

Zəngəzur dəhlizi, Tramp yolu deyilən yola İran mövqeyini ifadə edərkən Prezidentin çox həssas və mənəvi nöqteyi nəzərdən yanaşması da diqqətlərdən qaçmadı. İran prezidenti haqqında “O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır! Biz eyni dildə danışırıq!” deməsi yəqin ki, kimlərinsə xoşuna gəlməyəcək. Amma Azərbaycanın şanlı siyasi tarixində daima yaşayacaq bir ifadə kimi qalacaqdır. İranla bu məsələdə çoxlarının yalnış bildiyi və yaxud təəssəvvür etdiyi kimi fikir ayrılığı olmadığını, hansısa müşavir, məsləhətçi səviyyəsində bir məmurun iki dövlətin münasibətlərinə mənfi təsir göstərməyə cəhd etdiyini bildirən dövlətimizin başçısı əslində bir çox siyasi təxribatların da qarşısını aldı. Doğrudan da bizim İran və Ermənistan sərhədlərinə toxunmaq kimi bir fikrimiz olsaydı, biz bunu Vətən müharibəsində və daha sonra çox rahatlıqla edə bilərdik. Cənab Prezident bu fikirlərini çox rahat və əminliklə ifadə etdi. Yəni, bizim gücümüz buna çatır. İstəsək edərik. Lakin bizim məqsədimiz hər zaman sülh və əməkdaşlıqdır. Adminstrasiyalar arasında fikir birliyinin olması isə regionumuzun inkişafına müsbət təsir edən amillərdəndir.

Bu gün dünyanın ən çox danışdığı trend mövzuların içərisində Azərbaycan var. Azərbaycan yaxşı mənada öz qabına sığmayan, yeni dünya nizamını formalaşdıran dövlətlərdəndir. Bütün tərəflərlə münasibətlər yaradan ölkəmiz Yaxın Şərq məsələsində də öz yardım əlini istər siyasi-diplomatik, istərsə də enerji baxımından əsirgəmir. İsrail-Suriya münaqişəsinin aradan qaldırılmasında , Türkiyə-İsrail fikir ayrılığın müsbət istiqamətə yönəlməsində Azərbaycanın müdrik liderinin rolu təqdirəlayiqdir. Azərbaycan Prezidentinin nüfuzu həll olunmayan problemlərində həllində vacib rol oynayır. Suriya keçmiş prezidenti Əsədin ermənipərəst mövqeyi on ildən artıq onlarla münasibətlərin pisləşməsinə səbəb olmuşdur. Yeni hökümətə vacib dəstəyin verilməsi Azərbaycanın yalnız öz regionunda deyil, yaxın, qonşu regionlarda da sülhə və əməkdaşlığa dəstək verdiyini bir daha sübut edir.

Cənab Prezidentin hər müsahibəsi bir digərindən fərqlənir və hər biri ustad dərsidir. Bu dəfə sanki milli məsubiyyətimizin, mənəvi dəyərlərimizin siyasətdə daha çox ön plana çıxdığını görə bilərik. Əlbəttə, müsahibə alan kanalın ərəb kanalı olmasına görə Azərbaycanda islam, Azərbaycanın islama münasibəti kimi mövzulara daha çox yer verildi. Azərbaycan Prezidenti vətəndaşlıq və milli kimliyin bütün kimliklərin üzərində olduğunu bir daha ifadə etmiş oldu. İnaqurasiya mərasimində “bizim bir ailəmiz var, o da Türk Dünyasıdır” ifadəsinin davamı olaraq milli kimliyimizi bütün kimliklərin önünə qoyan cənab Prezident azərbaycancılıq və Türk soykökümüzü bir neçə dəfə dilə gətirməsi həm daxili auditoriyaya, həm də xarici siyasi tərəfdaşlarımıza güclü ismarıc idi.

Son zamanlar Türk Dilli Dövlətlər olaraq münasibətlərin istiləşməsində, dərinləşməsində Azərbaycan bayraqdar-flaqman rolunu oynayır. İllərlə davam edən mənasız soyuqluqların buzlarını cənab Prezidentin isti yanaşmaları əridir. Sözün bütün mənalarında Şərqi Avropadan Qafqazlardan keçməklə Mərkəzi Asiyaya qədər böyük bir coğrafi məkan və 300 milyondan artıq gənc, dinamik əhalisi ilə böyük potensilı olan Türk Dünyasının böyük gələcəyi var. Eyni zamanda təbii sərvətləri, nəqliyyat yolları, ticarət imkanları ilə eyni dildə danışan, eyni qan və söykökündən olan insanların bir yerdə olması, bir yumruq olması çox təbii, eyni zamanda da vacib amildir. Türk Dilli Dövlətlərin Qarabağda və Şərqi Zəngəzurda əsərlər yaratması, qayıdışa töhfə verməsi də Azərbaycanın bu birlik daxilində necə böyük rola malik olduğunu göstərir.

Müsəlman Aləmin əsrlərdir ən böyük problemi parçalanma və bunun nəticəsində təriqətlərin, məzhəblərin bir-birinə düşmən mövqeyidir. Azərbaycan dövləti, cəmiyyəti və xalqı bu problemi heç vaxt yaşamayıb, çünki buna imkan verməyiblər. Azərbaycan süni və şiə təriqətlərindən olan insanların bir yerdə ibadət etdiyi çox nadir ölkələrdəndir. Bu, elə çox rast gəlinən məqam deyil. “Biz müsəlmanıq” ifadəsi əslində müqəddəs dinimizə və milli- mənəvi dəyərlərimizə münasibətimizi ifadə edən ən dəyərli cümlədir.

Biz öz dinimizi sevirik və onu bölmürük. Lakin biz dini kimliyimizi ön plana çıxarıb, siyasi amilə də çevirmirik. Bunun əvəzinə biz vətəndaşlarımızı hansı milli, dini kimliyə mənsub olmasına baxmayaraq bərabərhüquqlu qəbul edirik. Tolerantlığın Azərbaycan modeli budur və dünyada bu sahədə olan unikal yanaşmalardandır.

Ümumiyyətlə fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, biz öz milli, dini kimliyimizə sahib çıxaraq, başqalarının da mənəvi dünyalarına hörmət edirik. Biz öz milli maraqlarımızı möhkəm müdafiə edərkən, başqalarının da maraqlarına ehtiramla yanaşırıq. Bizim məqsədimiz sülh, məramımız isə sülhü daima təmin edəcək sıx əməkdaşlıqdır.

Ənvər Haqverdiyev

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Seçilən
41
1
unikal.az

10Mənbələr