ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika idi, lakin 1920-ci ilin aprelində Rusiya ordusu ölkəni işğal etdi. O qeyd edib ki, həmin ilin noyabrında Sovet Rusiyası Qərbi Zəngəzuru Ermənistana verərək Azərbaycanı iki yerə, əsas hissə və Naxçıvana bölüb. Prezident əlavə etdi ki, Sovet dövründə sərhəd problemi olmasa da, Ermənistanın təcavüzündən sonra bu əlaqə xətti bağlanıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində 1918-1920-ci illərdə baş vermiş tarixi hadisələri xatırlatması, xüsusilə də 1920-ci ilin aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsinə diqqət çəkməsi beynəlxalq ictimaiyyətin gerçək faktlarla tanış edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Anti-Azərbaycan mövqeyli qüvvələr ölkəmizin Qərbi Azərbaycanla bağlı ritorikasını əssasız şəkildə ərazi iddiaları və işğal ambisiyaları kimi təqdim etməyə çalışırlar. Bu ilk növbədə həmin dairələrə ünvanlanmış bir mesajdır. Eyni zamanda, prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq cəmi 23 ay mövcud ola bildi. Bolşeviklərin yalançı şüarları, guya xalqlara azadlıq vəd etmələri əslində bir riyadan ibarət idi. Onlar Azərbaycanın müstəqilliyini tapdaladılar, dövlətçiliyimizi əlimizdən aldılar. Bu tarixi həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması həm bugünkü siyasi reallıqların, həm də Ermənistanla sülh prosesində baş verənlərin daha düzgün qiymətləndirilməsi üçün əsaslı baza yaradır".
G.Ağamalı qeyd etdi ki, müsahibə zamanı tarixi faktlardan bəhs edilməsi, Rusiyanın bu zamana qədər Cənubi Qafqazda etdiklərinin məcmusu və bu gün də davam edən imperialist cəhdlərinin əks etdirilməsi idi.
"Dövlət başçımızın xatırlatdığı kimi, sovet Rusiyasının qərarı ilə Azərbaycanın tarixi torpağı olan Zəngəzur Ermənistana verildi və bununla da ölkəmizin coğrafi bütövlüyü pozuldu. Nəticədə Azərbaycan iki hissəyə parçalandı: əsas ərazi və Naxçıvan muxtar bölgəsi. Bu isə Azərbaycan xalqına qarşı böyük ədalətsizlik idi. Bu gün Ermənistanın Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəni bağlaması da həmin tarixi xəyanətin və davamlı təcavüz siyasətinin nəticəsidir.
Cənab Prezident İlham Əliyevin bu məsələlərə toxunması bir daha göstərir ki, Azərbaycan dövlətinin xarici siyasət xəttində tarixi yaddaş, ədalət və haqq prinsipləri daim ön plandadır. Bizim üçün milli maraqlar, tarixi həqiqətlərin qorunması və dünya ictimaiyyətinə çatdırılması həm ideoloji, həm də strateji zərurətdir. Bu gün güclü, qalib Azərbaycanın lideri olaraq Prezident İlham Əliyev tariximizin həqiqətlərini ən yüksək tribunalardan səsləndirir və bu, həm xalqımızın qürur mənbəyidir, həm də beynəlxalq ədalətin təmin olunmasına verilən dəyərli töhfədir", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.