AZ

Polkovnik Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədən danışdı

Yazını böyüt
Yazını kiçilt

“Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır”.

Bunu hafta.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik, hərbi ekspert Cəlil Xəlilov bildirib. Qeyd edib ki, Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindəki fikirlər dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətini bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində yaxın tariximizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub.

Ekspert Prezident İlham Əliyevin sözügedən müsahibədə toxunduğu bir çox məsələlərə diqqət çəkib:

“Bunlardan biri avqustun 8-də baş tutan Vaşinqton razılaşmasıdır. Dövlətimizin başçısı bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycanın və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur. Bununla yanaşı, o, mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq Qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən inteqrasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.

C.Xəlilov Prezidentin Minsk Qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:

“Dövlətimizin başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin avqustun 8-dəki razılaşmada öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi. Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk Qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk Qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk Qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət Vaşinqton razılaşmasında öz əksini tapıb. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.

C.Xəlilov Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin xalqımızın arzu və maraqlarını ifadə etdiyini vurğulayıb. Əlavə edib ki, “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Prezident Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə toxunub:

“Dövlətimizin başçısı “AZAL”-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci il noyabrın 9-da - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Prezident bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrüxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlətimizin başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı o qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb”.

Seçilən
18
5
hafta.az

6Mənbələr