İtaliyanın “Yuventus” klubunun portuqaliyalı mərkəz müdafiəçisi Tiaqo Djalo bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.
25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Qara qartallar” bu keçidə görə “Yuventus”a 3,5 milyon avro ödəyiblər.
Tiaqo Djalo futbola “Damaynse” klubunda qədəm qoyub və buradan Lissabon “Sportinq”inin futbol akademiyasına yol tapıb. Öz növbəsində, “Sportinq” 2019-cu ilin yanvarında Djalonu “Milan”a satıb. “Milan”, U-19 komandasında yer almış portuqaliyalı müdafiəçini elə, həmin ilin avqustunda “Lill”ə transfer edib. “Yuventus” isə Djalonu 2024-cü ilin yanvarında 5,1 milyon avro müqabilində heyətinə qatmışdı. O, Turin klubunun heyətində cəmi 1 matç keçirib. “Yuventus”un Djalo ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı. Portuqaliyalı müdafiəçi ötən mövsümü “Portu”da icarədə keçirib – 17 oyun, 2 qol.
Tiaqo Djalonun qənimətlər muzeyində “Lill” ilə qazandığı Fransa Liqa 1 çempionluğu (2020/2021) və Fransa Super Kuboku (2021/2022) var. O, “Yuventus”la da İtaliya Kubokunu (2023/2024) qazanıb.
Tiaqo Djalo Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-21 yığmalarında keçməklə, əsas milliyə dəvət alıb, ötən il debüt imkanı da qazanıb. Müdafiəçi Portuqaliyanın U-17 yığması ilə “Alqarve Beynəlxalq Turniri”ndə (2017) qələbə qazanıb.
“Transfermarkt” internet-portalı portuqaliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
“Beşiktaş” ingilis mərkəz yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenlə də yollarını ayırıb. 32 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. İstanbul kollektivi bu ayrılığa görə futbolçuya 1,750,000 avro təzminat ödəyəcək.
Xatırladaq ki, ingiltərəli yarımmüdafiəçi 2023-cü ildən “Beşiktaş”da çıxış edirdi. İngiltərə millisinin də üzvü olan futbolçu 2023-cü ilin yayında “Liverpul”dan azad agent kimi ayrılaraq “Beşiktaş”la 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalamışdı. Yarımmüdafiəçi “qara qartallar”ın heyətində indiyə qədər 50 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Oksleyd-Çemberlen daha öncə “Arsenal”, “Liverpul” və “Sauthempton”da da çıxış edib. Aleks İngiltərə millisində 35 oyuna çıxıb, 7 qol vurub.
“Transfermarkt” internet-portalı mərkəz müdafiəçisinin transfer dəyərini 2,1 milyon avro məbləğində qiymətləndirir.