"Azərbaycan illər boyu müharibə istəmirdi, lakin dəqiq olan bir məqam da o idi ki, torpaqlarımızdan bir qarış belə əl çəkməyəcəyik. Bu reallıq kontekstində nə Ermənistandan, nə də ona havadarlıq edənlərdən bir dəfə də olsun ədalətli yanaşma sərgiləndiyinin şahidi olduq. Buna görə də öz reallığımızı özümüz yaratmaq məcburiyyətində qaldıq. Azərbaycan hərbi, iqtisadi, siyasi və ən əsası da ideoloji baxımdan güclənmək yolunu seçdi. Məhz bunun nəticəsidir ki, ABŞ kimi super güc Cənubi Qafqazda etimad göstərilməli aktor kimi Azərbaycanı və onun Müzəffər Liderinin baxışlarını əsas tutur. Son zamanlarda ABŞ və Azərbaycan dövlət başçılarının bir-birinə duyulan qarşılıqlı yüksək şəxsi əlaqələri sadəcə iki dövlət münasibətlərinə istilik gətirmir, bütövlükdə bu münasibət Cənubi Qafqazın təhlükəsiz, rifah dolu gələcəyi üçün önəmli amillərdən biridir.
Qürurverici məqam odur ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bu gün Azərbaycan torpaqlarında başqa dövlətin ordusu, bir nəfər olsun belə əsgəri yoxdur. Necə ki, Ermənistan ordusu fərarilərinin çoxluğu ilə ad çıxartdı, bu gün də onun iki dövlətlə sərhədlərini başqa dövlətin əsgəri qoruyur. Məhz bu reallığın özü Ermənistanın Cənubi Qafqazda biçilən rolunu aydın göstərir. Hərbi güc nisbəti baxımından isə Ermənistanın Azərbaycanla rəqabətə girməsinin özü belə gülüncdür.
Müsahibə sübut etdi ki, Azərbaycan çoxvektorlu xarici siyasət kursu realizə edir. Bu xarici siyasət kursu heç bir dövlətin əleyhinə istiqamətlənməyib. İstər regional aktorlarla, istərsə də beynəlxalq münasibətlər sisteminin digər aktorları ilə, hətta Yaxın Şərq regionu kimi mürəkkəb bir region ilə əməkdaşlığa açığıq. İllər ərzində topladığımız mənfi və müsbət təcrübəni hər kəslə bölüşməyə hazırıq, yetər ki, bu istiqamətdə bizdən xahiş edilsin. Məhz bu yanaşmanın özüdür ki, Azərbaycanın və onun Müzəffər Liderinin ləqayətindən xəbər verir.
Azərbaycan legitim dövlət idarəçiliyinə malik dövlətdir. Bu baxımdan da təmas qurduğumuz şəxslər legitimliyi təsbit və təsdiq edilmiş, dünyəvi dəyərləri və dünyanı sayıq dəyərləndirməyi bacaran aktorlardır. Azərbaycan dövləti bütün meyarlar üzrə bütöv olduğu qədər, fiziki birlik nümayiş etdirdiyi qədər cəmiyyətimizdə də heç bir bölücülüyə yer yoxdur.
Nəticə etibarilə, Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi göstərdi ki, Azərbaycan dövləti və cəmiyyəti bütövdür."
İBRAHİM MƏMMƏDLİ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31