AZ

Ülvi Əliyev: “Hədəfə çatmalıyıq”

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın oyunçusu Ülvi Əliyev komandasının UEFA Çempionlar Liqasına uğurlu startından danışıb.

Arena.az xatırladır ki, “Araz-Naxçıvan” dünən UEFA Çempionlar Liqasının ilkin mərhələsində ilk oyununu keçirib.

9:1 hesablı qələbə sayəsində təmsilçimiz hazırda yer aldığı F qrupunun lideridir. “Sparta Belfast”la matçda dubl edən Ülvi Əliyev həm görüş, həm də komandanın hədəfləri barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:

“Yaxşı hazırlıq keçmişik. Heyətimizi günləndirmək üçün yeni futzalçılar dəvət edilib. Bir sözlə, Avstriyaya tam hazır gəlmişik. İlk oyundakı rəqibimiz də yaxşı analiz edilmişdi. Daha doğrusu, baş məşqçi onlara qarşı necə oynamalı olduğumuzu məşqlərdə başa salmışdı. Yeri gəlmişkən, ötən il də UEFA Çempionlar Liqasının ilkin mərhələsinə mərhz onlarla oyunla start vermişdik. İlk oyunda müəyyən həyəcan, adaptasiya problemi olur. Vacib olan qələbə qazanmaq idi, çünki bu cür turnirlərdə səhv bağışlanmır. Böyükhesablı qələbə növbəti oyunlar üçün əla stimul oldu”.

Ülvi Əliyev vurduğu qolları kimə həsr etdiyini də qeyd edib:

“İlk növbədə komandamın qələbəsinə töhfə verməyə, kömək etməyə çalışdım. Qolları kimə həsr etməyimə gəlincə, hər zaman məni dəstəkləyən, yanımda olan, ruhdan düşməyə imkan verməyən, qəbələyə səsləyən ailəmə ərməğan edirəm. Ən böyük dəstəkçilərim onlardır”.

Növbəti rəqiblərlə bağlı da fikrini bölüşən Ülvi Əliyev diqqətli olmağın vacibliyini qeyd edib:

“Dünən günün ikinci oyununda da gözlənildiyi kimi, meydan sahibi komanda qalib gəldi. Məğlub olmasına baxmayaraq, Şotlandiya çempionunun da fərqlənmək üçün bir neçə şansı oldu. Baş məşqçimiz hər iki komandanı analiz edib, lazımi məlumatları bizə çatdıracaq. İstənilən halda, diqqətli olmalı, rəqiblərə zəif-güclü prizmasından baxmamalıyıq. Çünki hər oyuna 3 xal verilir. Yenə deyirəm, ani diqqətsizlik, səhv nəticəsində itiriləcək xalların bərpası olmur. Təbii ki, məqsədimiz əsas mərhələyə yüksəlməkdir. Bunun üçün ilkin mərhələni lider kimi başa vurmalıyıq. Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”.

İkinci sınaq bu gündür

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci oyununu bu gün keçirəcək. Təmsilçimiz Şotlandiya çempionu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. “Saltires” isə Avstriya çempionu “Lyuti Krayişniçi”yə 1:5 hesabı ilə yenilib.

Saltires (Şotlandiya) – Araz-Naxçıvan
Hakimlər: Vladimir Sebek, Qonsalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan).
Timekepeer: Nyeqos Vuçanoviç (Avstriya).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
28 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00.

Seçilən
1
1
arena.az

9Mənbələr