AZ

Regionun sabit və dayanıqlı inkişafı üçün real perspektivlər ŞƏRH

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibəsi həm tarixi retrospektiv baxımdan, həm də regionun gələcək geosiyasi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının çıxışı bir neçə əsas strateji məqamı, münaqişənin tarixi kökləri, Azərbaycanın əldə etdiyi Qələbənin siyasi-hüquqi nəticələri, sülh prosesinin real konturları və yeni nəqliyyat-logistika dəhlizlərinin region üçün açacağı imkanları özündə ehtiva edir.

Bunu AZƏRTAC-a açıqlamasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, yazıçı-publisist Lamiyə İsazadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın xarici dəstək vasitəsilə həyata keçirdiyi işğal nəticəsində Azərbaycanın 20 faiz ərazisi zəbt olunmuş, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdi. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində isə, Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi. Dövlətimizin başçısının sözlərinə görə, bundan sonra məhz Azərbaycan tərəfi Ermənistanla sülh prosesinin təşəbbüskarı oldu, sülh sazişi layihəsini təqdim etdi və avqustun 8-də Vaşinqtonda imzalanan sənəd bu səylərin məntiqi nəticəsidir.

Prezident, eyni zamanda vurğuladı ki, Ağ Evdə paraflanmış razılaşma münaqişənin və müharibənin sonunu təsdiq edir, Ermənistan-Azərbaycan münasibətlərinin gələcək inkişafını dövlətlərarası normal çərçivədə müəyyənləşdirir. Lakin, sənədin tam hüquqi qüvvəyə minməsi üçün Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları əks etdirən müddəaların dəyişdirilməsi zəruridir. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, imzalanmış sənəddən geri addım Ermənistan üçün ciddi siyasi və diplomatik fəsadlar doğuracaq.

Müsahibədə, həmçinin mina problemi və işğal dövründə tamamilə dağıdılmış infrastruktur məsələsi xüsusi vurğulanıb. Dövlətimizin başçısı qeyd edib ki, bir milyondan artıq mina regionun bərpa prosesinə böyük maneə yaradır, yüzlərlə mülki şəxs hələ də bu təhlükənin qurbanına çevrilir. Bununla yanaşı, Prezident “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox soydaşımızın azad olunmuş ərazilərə köçürüldüyünü bildirib.

Lamiyə İsazadənin sözlərinə görə, ən diqqətçəkən məqamlardan biri isə Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar olub: “Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın əsas məqsədi ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsini təmin etmək və bu xətt üzrə beynəlxalq təhlükəsizlik zəmanətlərini əldə etməkdir. ABŞ-ın vasitəçiliyi ilə formalaşdırılan TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) layihəsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu dəhlizin fəaliyyətə başlaması həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat xəttinə alternativ yaradacaq, Ermənistanı tranzit ölkəyə çevirəcək və regional əməkdaşlığı gücləndirəcək.

Müsahibədə Prezident İranla münasibətlərə də toxunaraq bildirib ki, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan işgüzar və mehriban əlaqələr mövcuddur. O, həmçinin Araz dəhlizi layihəsinin reallaşdırıldığını, bunun da Ermənistanın qeyri-konstruktiv mövqeyi fonunda alternativ yol kimi Azərbaycanın maraqlarına xidmət etdiyini vurğulayıb”.

L.İsazadənin fikrincə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın ədalətli mövqeyinin, beynəlxalq hüquqa sadiqliyinin və regional əməkdaşlıq çağırışlarının bariz ifadəsidir. Bu çıxış həm Azərbaycanın diplomatik qələbəsini, həm də regionda yeni siyasi və iqtisadi nizamın formalaşmasını təsdiqləyir.

Dövlətimizin başçısının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə, eyni zamanda, ölkəmizin xarici siyasət kursunu, regional və qlobal proseslərə baxışını ortaya qoyur. Prezidentin açıqlamaları Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərgin məqamlar, Yaxın Şərqdə normallaşma prosesinə töhfə, enerji əməkdaşlığında yeni səhifələr, İslam həmrəyliyi və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri kimi bir sıra mühüm istiqamətləri əhatə edir.

“Prezident İlham Əliyev Rusiyanın mülki təyyarəmizə qarşı həyata keçirdiyi hücumu “faciəvi səhv” adlandıraraq, bunun Azərbaycan ictimaiyyətində böyük məyusluq doğurduğunu vurğulayıb. Dövlət başçısı 2020-ci ilin noyabrında Azərbaycan tərəfindən rus helikopterinə qarşı baş vermiş oxşar hadisəni xatırladaraq, rəsmi Bakının dərhal üzr istədiyini, təzminat ödədiyini və məsul şəxsləri cəzalandırdığını qeyd etdi. Lakin, Moskvanın eyni yanaşmanı sərgiləməməsi ikitərəfli münasibətlərdə ciddi suallar doğurur. Bundan əlavə, Rusiya ərazisində azərbaycanlılara qarşı zorakılıq hallarının müşahidə olunması ölkəmizdə dərin narazılıqla qarşılanıb”, - deyə İctimai Birliyin sədri əlavə edib.

Müsahibədə Yaxın Şərq məsələlərinə xüsusi diqqət ayrıldığını deyən L.İsazadə bildirib: “Dövlətimizin başçısı Suriya ilə münasibətlərin bərpası və İsrail-Suriya dialoqunda Azərbaycanın vasitəçi rolunu önə çəkdi. O, Azərbaycanın Suriyaya qaz ixracına başlamasını, humanitar və iqtisadi dəstək mexanizmlərini regionda sülhə yönəlmiş strateji addım kimi dəyərləndirdi. Prezident İlham Əliyev müsahibəsində açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi yalnız sülhü və əməkdaşlığı təşviq etməkdir.

Enerji siyasətində isə Azərbaycanın həm Avropaya, həm də Yaxın Şərqə yönəlmiş çoxşaxəli strategiyası diqqət çəkir. O qeyd etdi ki, hazırda Azərbaycan qazı 10 Avropa ölkəsinin enerji təhlükəsizliyində mühüm rol oynayır, eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə bərpaolunan enerji layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının tikintisi isə ölkənin “yaşıl enerji” gündəliyini gücləndirir.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan modelinin İslam həmrəyliyi sahəsində nümunə olduğunu vurğuladı. Ölkəmizdə şiə və sünni müsəlmanların eyni məsciddə ibadət etməsini, müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi yaşamasını Azərbaycanın əsas üstünlüyü kimi dəyərləndirdi. Dövlətimizin başçısı müsəlman dünyasının parçalanma təhlükəsinə qarşı birlik çağırışı etdi”, - deyə Lamiyə İsazadə vurğulayıb.

Onun sözlərinə görə, Prezident Türk Dövlətləri Təşkilatının böyük potensiala malik olduğunu, Azərbaycanın bu qurumu gücləndirməyə sadiq qaldığını bəyan etdi. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi və digər türkdilli dövlətlərlə strateji tərəfdaşlıq sazişləri, yeni regional güc mərkəzinin formalaşdığını göstərir. Beləliklə, Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq edir ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş, sülh təşəbbüslərinin fəal iştirakçısı və enerji təhlükəsizliyinin təminatçısıdır.

Bir sözlə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsi Azərbaycanın ədalətli mövqeyini, beynəlxalq hüquqa sadiqliyini və regional əməkdaşlığa çağırışını nümayiş etdirən siyasi manifestdir. Bu çıxış həm Azərbaycanın diplomatik qələbəsini, həm də Cənubi Qafqazda yeni siyasi və iqtisadi düzənin formalaşmasını təsdiqləyir, Vaşinqtonda imzalanmış sənəd 30 ildən artıq davam edən münaqişəyə son qoyaraq, regionun sabit və dayanıqlı inkişafı üçün real perspektivlər açır.

Seçilən
24
1
azertag.az

2Mənbələr