AZ

“Qlobal geosiyasi dəyişikliklərin Cənubi Qafqaza təsiri” layihəsi çərçivəsində hazırlanmış nəşrin təqdimatı baş tutub.

ONN media xəbər verir ki, “Geosiyasi və Hüquq Təhlil Mərkəzi: Transatlantik Perspektiv” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qlobal geosiyasi dəyişikliklərin Cənubi Qafqaza təsiri” layihəsi çərçivəsində hazırlanmış nəşrin təqdimatı baş tutub. Layihənin və təşkilatın rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Sidqi Şövkətin müəllifi olduğu və üç dildə (Azərbaycan, ingilis və rus dillərində) çap edilmiş kitabın təqdimat mərasimi 27 avqust 2025-ci il tarixində Binəqədi Gənclər Evində keçirilmişdir. 
Tədbiri giriş nitqi ilə açan təşkilatın sədri Sidqi Şövkət, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinə təşəkkürünü bildirib. O, layihənin məqsəd və nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.
Sidqi Şövkət çıxışında vurğulayıb ki, XXI əsrin əvvəllərində beynəlxalq münasibətlər sistemi dərin transformasiyadan keçir, yeni güc mərkəzləri meydana çıxır və köhnə dünya nizamı böhran yaşayır. O qeyd edib ki, məhz belə bir şəraitdə Cənubi Qafqaz qlobal güclərin maraqlarının kəsişdiyi məkana çevrilərək strateji əhəmiyyət qazanır, Azərbaycan isə çoxvektorlu və praqmatik xarici siyasəti ilə regionda sabitləşdirici rol oynayır. S.Şövkət həmçinin avqust ayında Vaşinqtonda imzalanmış tarixi sənədlər paketinin bölgənin təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi olduğunu xüsusi olaraq diqqətə çatdırıb.
S.Şövkət öz nitqində bildirib ki, Azərbaycan artıq yalnız regional gündəmin bir hissəsi deyil, onun fəal memarına çevrilib. O vurğulayıb ki, ölkə Şərqlə Qərbin qovşağında yeni geosiyasi qaydalar formalaşdıran subyekt kimi çıxış edir, enerji və nəqliyyat layihələrindən kənara çıxaraq Avrasiyada qarşılıqlı əlaqələrin konturlarını müəyyənləşdirir. S.Şövkətin sözlərinə görə, məhz çevik, suveren və rasional aktor kimi Azərbaycan XXI əsrin turbulent şəraitində sabitlik adası rolunu oynayır və həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Təqdimatın sonunda S.Şövkət iştirakçıların suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və xatirə şəkili çəkildi.






Seçilən
2
2
onn.az

3Mənbələr