Artıq 3-cü dəfə keçirilən Laçın Şəhəri Günü ilə əlaqədar Azərbaycanın dilbər guşəsində çoxsaylı tədbirlər reallaşır. Bunun bir səbəbi də dağlar diyarının bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını daşımasıdır. Laçın eyni zamanda “MDB ölkələrinin Gənclər Düşərgəsi”nə və “MDB ölkələrinin Beynəlxalq Kino Günləri”nə ev sahibliyi edir.
Hər iki layihə Mədəniyyət Nazirliyi, Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.
Bayram proqramı çərçivəsində Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən gənclərin iştirakı ilə “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə maraqla qarşılanıb. Natiqlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır, gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir. “MDB-nin mədəniyyət paytaxtı”nda dost ölkələrdən yaradıcı gənclərin bir araya gəlməsi də əməkdaşlığa, mədəniyyətlərarası dialoqun güclənməsinə və yeni yaradıcılıq təşəbbüslərinin formalaşmasına töhfə verəcək.
Laçın Şəhəri Günü ilə bağlı Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
“MDB ölkələrinin beynəlxalq kino günləri” layihəsinin açılışı isə şəhərdəki “Laçın” kinoteatrında olub. Mərasimə doğma yurda qayıtmış laçınlı kinosevərlər həvəslə qatılıblar. Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov çıxışında Laçında keçirilən ilk beynəlxalq kino tədbirinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, 3 gün davam edəcək kino günlərində 7 ölkədən 8 film nümayiş etdiriləcək.
Sonra tədbir iştirakçıları Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə rayondakı “Hoçazfilm” kinostudiyasında istehsal olunmuş “Laçın, qubernator və mən” (rejissor: Amil Amal) sənədli filmini izləyiblər. Ekran işi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətini özündə əks etdirir.
Nümayişdən sonra filmin rejissoru Amil Amal ekran əsərinin ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə bütün qurumlara təşəkkürünü bildirib.
Həmin gün kinosevərlər “Nabat” (rejissor: Rəşid Süleymanov, Qazaxıstan) və “Esimde” (rejissor: Aktan Arım Kubat, Qırğızıstan) filmlərini izləyiblər.
Qeyd edək ki, “MDB ölkələrinin beynəlxalq kino günləri” bu gün başa çatacaq.
Ə.ƏLİYEV
XQ