AZ

Belə davam edərsə...

Goranboyun ili uğurla başa vurmaq ehtimalı çoxdur

Ölkədə həyata keçirilən iqtisadi islahatlar, regionlara yatırılan investisiyalar Goranboyun da inkişafını sürətləndirmiş, əhalinin sosial güvənliyinə müsbət təsir göstərmişdir. Hər il olduğu kimi, cari ilin ötən dövründə də rayon iqtisadiyyatının demək olar ki, bütün sahələri üzrə uğurlu göstəricilərə nail olunmuşdur.

Bu uğurlar Prezident İlham Əliyevin rayona hər səfərindən sonra daha da genişlənmiş və sürətlənmişdir. Dövlət başçısının cari il iyunun 23-də rayonun Qazanbulaq qəsəbəsində yerləşən "Konstralab İndustries" MMC-nin gips əsaslı təmir-tikinti materialları və metal profil istehsalı müəssisəsinin açılış mərasimində iştirakı Goranboyun tarixində növbəti yaddaqalan hadisə olmuşdur. Bu, Prezidentin rayona 9-cu, o cümlədən son 6 ildə 3-cü səfəri idi. 

Bütün kənd rayonlarımız kimi, Goranboyun da iqtisadiyyatının əsasını kənd təsərrüfatı və qismən sənaye təşkil edir. Cari ilin 7 ayı ərzində əldə olunan göstəricilərə nəzər salanda bir daha yəqin olur ki, hər iki sahədə müsbət nəticələr əldə edilib. Bu dövrdə rayon üzrə ümumi məhsul buraxılışının dəyəri 252 milyon 453 min manat olmuşdur. Həmin dəyərin 77,5 faizi məhsul istehsalı, 22,5 faizi xidmət sahələrinin payına düşür. 7 ayda rayon üzrə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 10 milyon 818 min manat olmuşdur ki, onun da 57 milyon 352 min manatı bitkiçilik, 43 milyon 466 min 

manatı heyvandarlıq məhsullarıdır. Bu dövrdə sənaye müəssisələri tərəfindən isə 26 milyon 17,7 min manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Tikinti üzrə əsas kapitala 2 milyon 893 min manat, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 2 milyon 72 min manatı və ya 71,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 

Rayonun konkret kənd təsərrüfatına gəldikdə onu da qeyd edək ki, 2024-2025-ci əkin ilində 19561 hektar payızlıq taxıl səpini aparılmışdır. 54 inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 18663 hektardan ümumilikdə 62 min 561,9 ton məhsul biçilmişdir. Məhsuldarlıq 33,5 sentner olmuşdur ki, bu da keçənilki göstəricidən çoxdur. 

Hazırda rayonda pambıq yığımına hazırlıq işləri aparılır. Goranboyda pambıq istehsalı ilə məşğul olan "Azərşəkər", "Azərpambıq ASK", "Prime Cotton" və "Goran Cotton" MMC-lər tərəfindən 371 mülkiyyətçi ilə ümumilikdə 1983,3 hektar ərazidə pambıq əkini üçün müqavilə bağlanmışdır. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 1450,4 hektar olmuşdur. 

Rayonda yazlıq əkinlərin həcmi də xeyli artmışdır. 9 hektarda yazlıq buğda, 2354,3 hektarda günəbaxan, 771,5 hektarda qarğıdalı, 57,9 hektarda şəkər çuğunduru, 1456,2 hektarda tərəvəz və bostan bitkiləri, 731 hektarda yonca, 180 hektarda tütün bitkisinin əkini aparılmış, 3802,3 hektar ərazidə çoxillik meyvə bağları salınmışdır. 

Məlum olduğu kimi, Goranboy sudan əziyyət çəkən rayonlar sırasındadır. Məhz buna görə rayonda sudan istifadəyə çox diqqətlə yanaşılır. Aldığımız məlumata görə, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində 166 min 643 hektar sahəyə 241 milyon 663 min kubmetr su verilmişdir. Əkin sahələrinin suvarılması üçün 986 subartezian quyusu, 16 nasos stansiyası və kilometrlərlə suvarma kanalları istismar olunmuşdur. Cari ilin 7 ayı ərzində 413 subartezian quyusunun nasosları təmir olunmuş, 74 təzə nasos alınaraq quyulara quraşdırılmışdır. Məhsuldarlığını tamamilə itirmiş 35 subartezian quyusunun əsaslı təmiri isə davam edir. 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr