AZ

Liderliyin anatomiyası

Dövrümüzün İlham Əliyev diplomatiyası

Gənc Azərbaycan dövlətinin iqtisadi, siyasi və diplomatik uğurları sözün həqiqi mənasında möcüzəni xatırladır. Məlum səbəblərlə əlaqədar torpaqlarının əhəmiyyətli bir hissəsini itirməli olan gənc dövlət bütün mövcud sıxıntılara və təzyiqlərə rəğmən nəinki ərazi bütövlüyünü təmin etdi, habelə iqtisadi, siyasi və diplomatiya sahəsində bölgənin liderinə çevrilməyə müyəssər oldu. İndi Azərbaycan tək bölgədə deyil, daha geniş beynəlxalq müstəvidə etiraf olunan, geosiyasi proseslərə təsir göstərə bilən dövlət statusuna sahibdir. Avqust ayının əvvəllərində Amerika Birləşmiş Ştatlarında Prezident Trampın iştirakı ilə keçirilən görüşlər, əldə olunan razılaşmalar, dünyanın super dövlətinin rəhbərinin Azərbaycanın Prezidenti İlham Əliyevə xüsusi hörmət və ehtiramı ölkəmizin, onun liderinin beynəlxalq nüfuzunun yeni, möhtəşəm etirafı sayılmağa layiqdir. Tam məsuliyyətlə deyə bilərik ki, İlham Əliyevin qazandığı böyük zəfər və nailiyyətlər əsrlər boyu dəfələrlə sınaqdan çıxmış müdrik bir həqiqətin ən yeni və möhtəşəm təsdiqi hesab oluna bilər: tarixi böyük liderlər yaradır.

Müasir geosiyasətin Azərbaycan amili

Azərbaycan xalqına qarşı erməni hərbi təcavüzünün tüğyan etdiyi 1990-cı illərin əvvəllərində ölkənin gələcək taleyi baxımından həlledici addım ya nəticəsi tam aydın olmayan döyüşləri davam etdirmək, yaxud ölkənin resurslarını gələcək ədalətli revanş üçün qoruyub saxlamaq kimi çətin, lakin, məcburi qərar qəbul etmək alternativləri arasında seçimdən ibarət idi. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev özünəməxsus müdrikliklə ikinci yola üstünlük verərək gücləri gələcək qələbə naminə qoruyub saxlamağa nail oldu.

Atəşkəs haqqında sazişi imzalamaqla bərabər Ulu Öndər eyni zamanda gənc müstəqil Azərbaycanın gələcək taleyində, habelə arzuolunan qələbənin qazanılmasında müstəsna rol oynayan "Əsrin müqaviləsi"ni imzalamaq kimi tarixi missiyasını da uğurla reallaşdırdı. Sübut etməyə ehtiyac yoxdur ki, atəşkəsə nail olmadan nə milyardlarla sərmayə tələb edən "Əsrin müqaviləsi"nin bağlanılması, nə də Azərbaycan dövlətinin həyatında növbəti illərdə müşahidə edilən əzəmətli uğurların təmin edilməsi mümkün ola bilərdi.

Beləliklə, dahi Lider Heydər Əliyevin adıçəkilən müdrik tarixi qərarları sayəsində Azərbaycan gələcək möhtəşəm inkişafı üçün həm zəruri zaman, həm də geniş iqtisadi imkanlar və beynəlxalq dəstək qazanmağa nail ola bildi. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, neft strategiyası olmasaydı Azərbaycanın taleyini köklü surətdə dəyişdirən əzəmətli layihələri həyata keçirmək, möhtəşəm qələbəni çalmaq da asan olmazdı.

Atəşkəsin elan edilməsi gənc Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi sahəsində dərin islahatların qüdrətli amili hesab oluna bilər. 2004-cü ildən ölkə xəzinəsinə böyük neft pullarının daxil olması gənc dövlətin həyatında tamamilə yeni mərhələnin əsasını qoydu. Azərbaycanın artan iqtisadi imkanları müvafiq şəkildə yüksələn trayektoriya üzrə onun hərbi, siyasi və diplomatik qüdrətinə transfer etməyə başladı. 2012-ci ildə gənc Azərbaycan dövlətinin dünyanın ən mötəbər qurumu sayılan  Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun o dövr üçün ən uca səviyyədə etirafının parlaq nümunələrindən yalnız biridir.

Bununla yanaşı, Azərbaycan bir sıra beynəlxalq iqtisadi, kommunikasiya, humanitar və idman sahələrində təşəbbüs və tədbirlərin ya müəllifi, yaxud ev sahibi kimi şərəfli vəzifələrin yerinə yetirilməsində xüsusi fəallığı ilə beynəlxalq icmanın diqqətini özünə cəlb edə bildi. Ölkəmizin beynəlxalq və regional kommunikasiya layihələri sahəsində fəallıği, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat xətlərinin işə salınması ilə əlaqədar təşəbbüsləri onun regional iştirakçılığının əhəmiyyətli dərəcədə güclənməsi ilə müşaiyət olunmaqdadır. Bütün bunlar Azərbaycanın müasir imicinin formalaşmasına yol açır, onun beynəlxalq nüfuzunu yüksəldən etibarlı amil missiyasını yerinə yetirir. 

Azərbaycanın liderliyinin formalaşmasının möhtəşəm amillərindən biri öz ifadəsini onun iqtisadi imkanlarında tapırsa, digərinin bariz təzahürü ölkəmizin silahlı qüvvələri, Azərbaycan Ordusu, onun yüksək döyüş qabiliyyəti hesab edilməlidir. 

Böyük Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

Bütün dövrlərdə müharibələr, iqtisadi imkanlar və texnoloji yeniliklər dünyanın siyasi mənzərəsini dəyişdirən başlıca amillər olub. Bəşəriyyətin tarixində əhəmiyyətli geosiyasi dəyişikliklərə nəzər salanda onların yuxarıda sadalanan amillərin biri və ya eyni zamanda bir neçəsi ilə əlaqəsini aydın görmək olur. Artan iqtisadi imkanlar, yeni texnologiyalar və silahlar dövlətlərin siyasi iddialarını həyata keçirmək üçün ən əlverişli vasitələrdir. Makedoniyalı İsgəndərin, Çingizxanın, Osmanlı İmperiyasının, Napoleonun hərbi uğurlarının kökündə dayanan gücün də yuxarıda xatırladılan amillər olduğu şübhə doğurmur. 

İkinci Dünya müharibəsinin yaratdığı geosiyasi konfiqurasiya ötən 80 ilin böyük iqtisadi və texnoloji tərəqqisi nəticəsində köklü dəyişikliklərə məruz qalıb. Müharibənin qaliblərindən olan SSRİ artıq siyasi səhnədən silinib, dünyada yeni nəhəng iqtisadi və texnoloji güc mərkəzləri meydana gəlib, nəticədə yeni siyasi konfiqurasiyanın formalaşmasına nəinki ehtiyac yaranıb, hətta bu proses, demək olar ki, özünün aktiv fazasına keçib. 

Baş verməkdə olan qlobal siyasi dəyişikliklər fonunda böyük regional güclərin səhnəyə çıxması aydın şəkildə müşahidə olunmaqdadır. Diqqətçəkən yeni regional güclər sırasında gənc müstəqil dövlətlərdən olan Azərbaycanın xüsusi önəm daşıdığı ayrıca vurğulanmağa layiqdir. Etiraf etmək yerinə düşər ki, cəmisi 30 il bundan əvvəl torpaqlarının təxminən 20 faizə qədəri işğal olunan və işğalçı ilə atəşkəs sazişi bağlamaq kimi ağrılı yol seçən Azərbaycanın indi regional güc mərkəzi kimi qəbul olunması dünya siyasətinin unikal hadisələrindəndir. 

Şübhə yoxdur ki, ölkəmizin fəal regional aktor kimi çıxış etməsində onun surətli inkişafı, iqtisadi və texnoloji imkanları əhəmiyyətli rol oynayıb. Lakin, ölkəmizin istər beynəlxalq, istərsə də regional nüfuzunun artmasında qalib dövlət amilinin rolu heç bir digər amillə müqayisə edilə bilməz. Möhtəşəm qələbə təkcə iqtisadi, hərbi, diplomatik gücün deyil, həm də xalqın milli ruhunun, iradəsinin, birliyinin gücü və təntənəsidir. Bu baxımdan, İkinci Qarabağ müharibəsində Azərbaycanın əzəmətli qələbəsi, erməni separatizminin və terrorizminin kökünün kəsilməsi onun regional güc kimi qəti şəkildə etiraf olunmasına özünün silinməz möhürünü vurub. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşdə möhtəşəm Zəfərin Azərbaycan tarixində və regional münasibətlərdə əhəmiyyətli rolunu diqqətə çəkərək bildirmişdir: "Hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi". 

Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən müharibə ölkənin böyük iqtisadi qüdrəti və imkanları ilə yanaşı nəhəng hərbi, siyasi və diplomatik gücə sahib olduğuna şahidlik etməkdədir. 

Onu da vurğulamaqda fayda var ki, 10-15 il əvvəl ölkənin iqtisadi imkanları hərbi və siyasi gücə transfer edirdisə, indi hərbi güc və qalib dövlət amili gələcək yeni iqtisadi imkanlara transfer etməkdədir. Tarixi inkişafın bütün mahiyyəti özünün ən ibrətamiz ifadəsini məhz bu mürəkkəb münasibətlər sistemində tapır. Əslində bütün rənglərdən və bər-bəzəkdən ayrılıqda təsəvvür edilən tarix bu həqiqətdən ibarətdir. Vaxtilə bizimlə ultimatum dili ilə danışmaq istəyənlər indi bizim ultimatumlarımızı qəbul etməkdən ayrı çarə tapa bilmirlər. Etiraf edilməlidir ki, hazırda Azərbaycanın dövlət maraqları regional siyasətin lokomotivi rolunu oynayır və müasir geosiyasi amilin ifadəsi kimi qəbul olunur. 

Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, "dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problem yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu - bütün bu amillər dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bügünkü reallıqlar da göstərir". 

İlham Əliyevin diplomatiya uğurları və Azərbaycanın regional liderliyi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dünyanın ən təcrübəli, tanınan və hörmət bəslənilən dövlət rəhbərindən sayılması sübuta ehtiyacı olmayan həqiqətdir. Onun bu şərəfli statusa yüksəlməsi səbəblərini sadalamalı olsaq ilk sırada Azərbaycanın inkişafı sahəsində əldə etdiyi ecazkar nailiyyətləri, 30 illik hərbi münaqişənin acı nəticələrinin aradan qaldırılması və ölkənin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən möhtəşəm Qələbəni, regional və beynəlxalq müstəvidə qazanılan diplomatik uğurları, beynəlxalq sülhə və əməkdaşlığa əhəmiyyətli töhfə verən layihələri və təşəbbüsləri xatırlamaq yerinə düşər. Eyni zamanda onu da ayrıca vurğulamaqda fayda var ki, İlham Əliyev yüksək intellekti və siyasi mədəniyyəti ilə şöhrət qazanıb və bu səbəbdən istənilən beynəlxalq, yaxud regional müzakirə meydançalarında ən çox arzuolunan qonaq sifətində qəbul edilir. Onun beynəlxalq həyatın aktual problemlərinə həsr olunmuş bir sıra təşəbbüsləri rəğbətlə qarşılanmış, Birləşmiş Millətlər Təşkilatının qərarlarında, digər yüksəksəviyyəli sənədlərdə əks olunmuşdur. 

Azərbaycan Respublikasının həm dünya birliyi, həm də regional dövlətlər tərəfindən regionun lideri kimi tanınması eyni zamanda Prezident İlham Əliyevin liderliyinin etirafı sayıla bilər və sayılır. Aydın şəkildə qeyd olunan digər bir cəhət isə sözügedən liderliyin ölkədə sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyinin qəti şəkildə qərarlaşmasının etibarlı qarantı olmasından ibarətdir. 30 ilə yaxın işğala məruz qalmasına rəğmən Azərbaycanın indi malik olduğu əlverişli imkanlar şəraitində yaşadığımız bölgənin firavan gələcəyi naminə sülh və əməkdaşlıq carçısı kimi çıxış etməsi ona olan rəğbəti və etibarı qat-qat artırır.

Azərbaycanın liderliyinin əsasını təşkil edən əsas amilin onu iqtisadi potensialında ifadə olunduğu xüsusi vurğulanmalıdır. Ölkəmizin iqtisadi imkanları Cənubi Qafqazın digər iki dövlətinin birlikdə malik olduğu imkanlardan təxminən 1,3 dəfə çoxdur. Azərbaycanın böyük iqtisadi potensialının digər əhəmiyyətli təcəssümü onun beynəlxalq iqtisadi sistemə daha yaxından inteqrasiyası, Avropanın enerji təhlükəsizliyinə töhfəsi, habelə böyük inkişaf perspektivlərinə malik olması sayılır. 

Azərbaycanın bölgə liderliyini öz üzərinə götürməsi onun geniş potensialının digər ifadəsi olan hərbi qüdrətindən və İkinci Qarabağ savaşında əzəmətli Qələbəsindən kənar təsəvvür edilə bilməz. Geosiyasətin ən qüdrətli amilinin müharibədə qələbədən və hərbi gücdən ibarət olması fikrini bir daha təkrar etmək bu halda tamamilə yerinə düşür. İkinci Qarabağ müharibəsində ölkənin tarixi Zəfəri onun bölgə lideri statusunun qəti şəkildə təsdiqlənməsi istiqamətində həlledici amil rolunu oynamaqdadır. Həm bu qələbə, həm də Azərbaycanın qüdrətli Ordusu indi nəinki Azərbaycanın, eləcə də yaşadığımız bölgənin təhlükəsizliyinin vacib qarantı olaraq tarixi missiyasını həyata keçirir.

Azərbaycanın bölgənin lideri statusuna yüksəlməsinin vacib səbəbləri sırasında Prezident İlham Əliyev amilinin xüsusi rola malik olması artıq tarixi reallıq kateqoriyasına çevrilib. Güclü Lider təkcə öz ölkəsinin deyil, həm də regional həyatın taleyinə təsir edə bilmək qüdrətinə malikdir. Bu gün biz bu reallığı Prezident İlham Əliyevin timsalında müşahidə edə bilirik. Onun təcrübəsi, uzaqgörənliyi, etibarlı tərəfdaş olması, öz ölkəsinin maraqları ilə bölgə dövlətlərinin maraqlarını ən faydalı şəkildə əlaqələndirə bilməsi İlham Əliyevin Liderliyinin fərqləndirici xüsusiyyətləri kimi diqqəti cəlb edir. 

Cənubi Qafqazda müşahidə edilən regional geosiyasətin dayanıqlı sülh və əməkdaşlıq prinsiplərinə arxalanması əhəmiyyətli dərəcədə Azərbaycan və İlham Əliyev faktorlarına istinad edir. Qlobal siyasətdə baş verən gərginliklər və gözlənilən kardinal dəyişikliklər fonunda sözügedən amillərin rolu artır və yaxın gələcəkdə daha qüdrətli gücə çevriləcəyinə böyük inam var.

Vaşinqton görüşləri: Azərbaycan diplomatiyasının möhtəşəm qələbəsi

2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında Prezident İlham Əliyevin apardığı danışıqlar, əldə olunan razılaşma, paraflanan sənədlər Azərbaycan diplomatiyasının növbəti möhtəşəm uğuru kimi müasir tariximizi zənginləşdirir desək, düşünürəm ki, həqiqəti etiraf etmiş olarıq. Sözügedən görüşlərin bir neçə gün ərzində dünya mediasının gündəliyini zəbt etməsi heç də təsadüfi deyil. Söhbət Cənubi Qafqazın, Mərkəzi Asiyanın və Yaxın Şərqin yeni geosiyasi arxitekturasının yaradılmasından, keçmiş münasibətlər sisteminin sındırılmasından, daha demokratik və inklüziv geosiyasətə keçidin təmin edilməsindən gedir.   

Azərbaycan diplomatiyasının bu əlamətdar uğurunun yalnız medianın diqqətini cəlb etməklə kifayətlənməməsi onun əlahiddə siyasi və geosiyasi qiymətini artıran ayrıca xüsusiyyətdir. Onlarla dövlət başçısının Prezident İlham Əliyevi böyük diplomatik qələbə münasibətilə təbrik etməsi bir tərəfdən dost ölkələrin Azərbaycanın uğuruna qəlbən sevinməsini ifadə edirsə, digər tərəfdən Vaşinqtonda əldə olunan razılaşmaların tarixi əhəmiyyətinin təsdiqidir. Vaşinqton görüşlərinə qədər Prezident İlham Əliyevin regionun mənzərəsini dəyişməyə, sülh və əməkdaşlığın etibarlı qarantı rolunu oynamağa hədəflənən və Zəngəzur dəhlizi kimi tanınan təşəbbüsü məlum Amerika danışıqlarından və razılaşmalarından sonra qlobal əhəmiyyət kəsb edən layihə statusuna sahib oldu. Azərbaycanın Naxçıvan ekslavı ilə birbaşa quru əlaqəsinin yaradılması Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi Zəngəzur dəhlizi layihəsinin başlıca qayəsini təşkil edir. Lakin indi həmin layihə bölgənin inkişafına və təhlükəsizliyinə töhfə verən qlobal nəqliyyat şəbəkəsinin ən mühüm hissəsinə çevrilərək daha geniş missiyaya xidmət göstərməyə başlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur". 

Regionun, bəlkə də daha geniş coğrafiyanın böyük ehtiyac duyduğu Zəngəzur dəhlizinin reallığa çevrilməsi Azərbaycanın Prezidenti İlham Əliyevin titanik səylərinin nəinki birbaşa nəticəsi, həm də təntənəsidir. Layihənin qarşısını almaq üçün göstərilən bütün cəhdlər, bir sıra regional güclərin anti-Zəngəzur səyləri artıq arxada qalıb. Vaşinqton danışıqlarından sonra indi çoxlarının birmənalı şəkildə dəstəklədiyi Zəngəzur dəhlizinin reallığa çevrilməsində Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və tükənməz əməyi dünyada çoxlarına məlumdur. Tarix həmişə nəticə etibarilə ədalətli olub və buna görə də inanıram ki, haqqında söhbət açdığımız layihə yaddaşlarda İlham Əliyev dəhlizi adı altında yaşayacaq, uzun illər Azərbaycanın və bölgənin bütün xalqlarının maraqlarına xidmət göstərəcək. 

Vaşinqton görüşlərinin digər tarixi əhəmiyyəti Azərbaycanın nəinki regional siyasətdə, habelə qlobal miqyasda rolu və əhəmiyyətinin etiraf edilməsinə yeni, daha ciddi töhfə kimi qiymətləndirilməlidir. Ölkəmizin beynəlxalq iştirakçılığının dünyanın ən güclü superdövləti tərəfindən ən yüksək səviyyədə etiraf olunması və qiymətləndirilməsi xüsusi məna kəsb edir, onun regional siyasətə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Nəhayət, Vaşinqton görüşləri və razılaşmaları İlham Əliyev diplomatiyasının yeni zəfəri və zirvəsi sayılmağa layiqdir. Qeyri-rəsmi şəkildə müasir dünyanın siyasi mərkəzi hesab olunan Ağ Evdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə göstərilən hörmət və ehtiram ilk öncə onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Etiraf etmək lazımdır ki, İlham Əliyev Ağ Evdə Prezident Tramp tərəfindən yüksək qonaqpərvərliyə layiq görülən azsaylı dövlət rəhbərlərindən və şəxslərdəndir. Dövlət başçısının həm də böyük hörmət və ehtirama layiq şəxsiyyət kimi qəbul olunması, açıq etiraf olunmalıdır ki, heç də həmişə rast gəlinən gerçəklik deyil. İlham Əliyevin həm böyük hörmətə layiq dövlət başçısı, həm də şəxsiyyət keyfiyyətlərini özündə üzvi surətdə birləşdirməsi unikal sayıla biləcək fenomendir və Vaşinqtonda ona göstərilən yüksək qonaqpərvərlik bunun daha bir təntənəsinə çevrildi.

Güclü dövlət və güclü lider bir yerdə olanda ecazkar qüvvəyə çevrilir, böyük siyasi nemət olur. Azərbaycan dövləti və Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin timsalında bu xoşbəxtliyi yaşayır, onun faydalarını görür və bundan sonra da görəcək.

Əli ƏHMƏDOV,

Milli Məclis Sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr