AZ

Fransanın ölkəmizdəki səfiri Vaşinqton görüşünün təfərrüatları barədə məlumatlandırılıb

Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizdəki səfiri Ann Buayon ilə Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.

Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. Ölkəmizdə öz diplomatik fəaliyyətini yekunlaşdıran səfir Ann Buayona bundan sonrakı fəaliyyətində uğurlar arzu olunub.

Azərbaycan-Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyi vurğulanıb.

Nazir, həmçinin qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları barədə məlumatlandırıb.

Ölkəmizin hər zaman sülh tərəfdarı olduğu və Vaşinqton görüşünün də bunu sübut etdiyi diqqətə çatdırılıb.

Vaşinqton görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.

Səfir Ann Buayon ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
14
31
azerbaijan-news.az

10Mənbələr