İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən amansızlıqla qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşlarına qarşı vəhşiliklərlə bağlı rusların “Proekt” nəşrinin yaydığı son məlumat mərhum qardaşların yaxınlarının kəskin etirazına səbəb olub.
Təxribatçı “Proekt”in yaydığı yalan xəbərdə Səfərov qardaşlarının işgəncə zamanı guya qasıq nahiyəsində bədən üzvlərinin kəsilməsi iddia olunub.
Modern.az xəbər verir ki, Mərhum Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Səfərov (Hüseynli) isə bu uydurmanı qətiyyətlə təkzib edərək deyib:
“Proekt” nəşri çirkin məqsədlərindən ötrü təxribat törədib, bu amansız cinayəti öz oyununa alət edib. Bu avantürist nəşr cinayətin gerçək mahiyyətini təhrif etməklə yanaşı, mərhum qardaşlarımın adını, xatirəsini ləkələməyə çalışıb. Mən qardaşlarımın cəsədlərinin Bakıda təkrar məhkəmə tibbi ekspertizası prosesində müvafiq qurumun əməkdaşları və istintaq qrupu ilə birgə, nə qədər çətin və ağır da olsa, əvvəldən sonadək iştirak etmişəm. Minnətdaram ki, bunun üçün mənə şərait yaradıldı. Bəli, qardaşlarıma ölümcül, dəhşətli zərbələr vurulub, elektrik cərəyanı ilə işgəncə verilib. Həmin amansız zərbələrin, ağır işgəncələrin izləri yayılan fotolardan da açıq-aşkar görünür. Sadəcə, fotolar sonradan paylaşılarkən qasıq nahiyəsi etik səbəblərə görə örtülüb. Yəni ona görə bağlamayıblar ki, orada nəsə başqa bir məsələ var. Qardaşlarımın orqanlarının kəsilməsi baş verməyib, bu, yalandır”.
S.Səfərovun sözlərinə görə, mərhum qardaşlarının övladları və digər yaxınları da “Proekt” nəşrinə yazılı etiraz bildirərək bu yalan məlumatların təkzibini tələb edirlər:
“Mənim mərhum qardaşlarıma dəhşətli, ağır işgəncələr verilib. Bədən üzvləri, daxili orqanları ölümcül zədələnib. Amma hansısa xarici əzalarının kəsilməsi yalandır. Ruslar bu təhqiramiz xəbəri yaymaqla çox çirkin niyyət güdürlər. "Proekt"in burada öz iyrənc marağı olduğu aydındır. Amma biz, Azərbaycan mediası belə məsələdə daha həssas və dürüst davranmalıdır. Mənim mərhum qardaşlarıma - Azərbaycanın ləyaqətli iki övladına rus güc strukturlarının qəddar, azğın təmsilçiləri həm qardaşlarımın öz evlərində, həm də zindanda dözülməz işgəncələr veriblər. Nəhayət, onları vəhşiliklə öldürüblər. Burası gün kimi aydın və danılmazdır. Bu dəhşətli cinayətin kifayət qədər sübutu var. Ona görə də olmayan hansısa detalı buraya əlavə etmək artıqdır. Odur ki, mərhum qardaşlarım haqda yayılan bu son çirkin məlumatı qətiyyətlə təkzib edirəm”.
Qeyd edək ki, bu il iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib. Hazırda bu dəhşətli olayla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalar davam edir. İlkin istintaq zamanı müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş idarəsinin Cinayət axtarış idarəsinin və FTX-nin əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlılara qarşı çoxsaylı işgəncələr tətbiq olunub, onların bədənlərinin müxtəlif nahiyələrinə bərk-küt alətlərlə zərbələr endirilib.