Abituriyentlərin ixtisas seçimində, xüsusilə də 600-dən çox bal toplayıb, universitetlərə qəbul ola bilməməsinə səbəb ixtisas seçiminin düzgün proqnozunu dəqiqləşdirmədən etməsidir.
ONN media xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev bildirib.
“Bu dəfə ixtisas seçimində çox sayda abituriyentin yüksək balla kəsildiyinin şahidi olduq. Təəssüf ki, həmin abituriyentlər hər nə qədər tövsiyə olunmasa da keçən ilin ballarına nəzər yetirərək ixtisas seçimini həyata keçiriblər.
Məsələn, keçən il IV qrupda tibb ixtisasının balı 605 idi və 615 bal yığan tələbə də gedib, balların artacağını düşünmədən təkcə həmin ixtisası yazıb. Nəticədə ballar artdı və tələbə kəsildi.
Qeyd edim ki, sabahdan etibarən sentyabrın 3-nə qədər boş qalan yerlərin ixtisas seçimi aparılacaq. IV qrupdan fərqli olaraq digər qruplarda daha çox zəif ixtisasların plan yerinin boş qaldığını düşünürəm.
Buna baxmayaraq, III və V qruplarda elə də çox ixtisas qaldığını deyə bilmərəm. I və II qruplar isə boş plan yerinin çox olması cəhətdən şanslıdır”, - ekspert bildirib.
Nurəliyev seçimdə iştirak edəcək şəxslərə tövsiyə olaraq bildirib ki, ballarına və istədikləri ixtisasa əhəmiyyət vermədən müsabiqəyə qoşulsunlar:
“Çünki həmin şəxslər öz balından daha zəif bal tələb edən ixtisasa qəbul olub, semestrın sonunda balına uyğun olan və arzuladığı ixtisasa transfer edə bilərlər.
Ancaq ikinci ixtisas seçimində IV qrupların tibb ixtisasına yenidən müraciət edə bilməyəcəyi aşkardır. Ona görə də həmin abituriyentlərin növbəti ildə buraxılış imtahandan topladığı balın qüvvədə qaldığını nəzərə alaraq blok imtahanına yenidən hazırlaşıb, yüksək nəticə toplayıb, tibb ixtisasına qəbul ola bilərlər”.