AZ

“Robot repetitor”: Onların “kitabı” bağlanır?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Robot repetitor” sisteminin tətbiqi ilə repetitor müəllimlər tamamilə yox olmayacaq. 

Bura Azərbaycandır, valideynlər hələ də övladlarının canlı müəllim nəzarəti altında olmasını istəyirlər. Ona görə də düşünmürəm ki, “robot müəllimlər” böyük rezonans doğursun”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu süni intellekt əsaslı “robot repetitor” sistemi ilə bağlı danışarkən deyib. 

O qeyd edib ki, “robot repetitor”ların istifadəyə verilməsi repetitor bazarında müəyyən dəyişikliklərə də səbəb ola bilər:

“Məsələn, burada qiymətlərin tənzimlənməsi mümkündür. Hazırda repetitor xidmətləri bahadır. Süni intellekt əsaslı alternativ əlçatan olduqda, repetitorlar qiymətlərini endirməyə və ya daha keyfiyyətli xidmət təklif etməyə məcbur ola bilərlər.

Sadəcə test izahı və mövzu təkrarı ilə məşğul olan repetitorlara maraq azalacaq, amma çox güclü müəllimlər fərqlənə biləcək. Orta səviyyəli repetitorların xidmətinə isə ehtiyac xeyli azalacaq”.Onun sözlərinə görə, bu sistemin hazırlanması Azərbaycanda təhsil texnologiyalarında yeni mərhələnin başlamasına işarədir:

““Robot repetitor” layihəsinin bir neçə mühüm tərəfini qeyd etməliyəm. İlk növbədə bu sistem abituriyentlərin repetitor xidmətinə daha asan çıxışını təmin edəcək. Xüsusilə də maddi imkanı məhdud olan şagirdlər üçün bərabər imkanlar yarada bilər.

Həmçinin tədrisi daha interaktiv və motivasiyaedici formata sala bilər. Süni intellekt əsaslı virtual müəllimlər müxtəlif fənlər üzrə şagirdlərlə sual-cavab, test və izah əsasında işləyəcək.

Sistem adaptiv olacaq, yəni şagirdin səviyyəsinə uyğun suallar təqdim edəcək və boşluqları müəyyənləşdirəcək. Böyük ehtimalla xidmət ödənişli olacaq, lakin ənənəvi repetitorlarla müqayisədə daha sərfəli qiymətlər təklif ediləcək.Perspektiv ondan ibarətdir ki, layihənin 7-8 ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. 

Əgər məlumat bazası kifayət qədər zənginləşdirilərsə, yalnız abituriyentlər deyil, məktəblər və hətta müəllimlər də bu sistemdən faydalana bilərlər. Gələcəkdə fərdi tədris planları hazırlayan və imtahana hazırlıq proqramı quran süni intellekt platformasına çevrilə bilər”.

O bildirib ki, “robot repetitor” ənənəvi repetitor xidmətləri ilə müqayisədə bir sıra üstünlüklərə sahib ola bilər:

“Bunun əsas üstünlüyü əlçatanlıq və bərabər imkanlar təqdim etməsidir. Regionlarda və ucqar kəndlərdə yaşayan şagirdlərin repetitor tapmaq imkanı az olur. Süni intellekt əsaslı sistem isə internet üzərindən hər kəs üçün açıq ola bilər. Ənənəvi repetitorlar xüsusilə məşhur müəllimlər bahalı olur, amma “robot repetitor” daha simvolik qiymətə xidmət göstərə bilər.

Digər tərəfdən, süni intellekt şagirdin bilik səviyyəsini analiz edib zəif tərəflərini müəyyənləşdirə və fərdi tədris planı qura bilər. Şagird istədiyi vaxt sual verə, test işləyə və ya dərs materialını izləyə bilər. Ənənəvi repetitor isə vaxt məhdudiyyətləri ilə işləyir. Robot dəfələrlə eyni mövzunu izah etməkdən yorulmur, interaktiv testlər, vizual qrafiklər, audio izahlar və simulyasiyalar təqdim edə bilir.

Amma ənənəvi müəllim yorulur. Üstəlik, bir müəllim yalnız öz ixtisası üzrə dərs deyə bildiyi halda, robot eyni vaxtda həm riyaziyyat, həm də tarix və coğrafiya fənlərini tədris edə bilər. Bu da öyrənməni daha maraqlı edir”.

Ekspert vurğulayıb ki, burada təbii ki, çatışmazlıqlar da olacaq:

“Canlı ünsiyyətin və motivasiyanın olmaması süni intellektin ən böyük məhdudiyyətidir. Yaradıcılıq tələb edən suallara cavab verməkdə çətinlik çəkə bilər. 

İnterneti zəif olan bölgələrdə istifadə imkanları məhdud qalacaq. Əsas üstünlükləri isə əlçatanlıq, ucuzluq və fərdiləşdirilmiş öyrənmə imkanlarıdır.

Sual olunur ki, “robot repetitor” insan müəllimlərin yerini tam əvəz edə bilərmi? Mənim fikrimcə, bu, təhsil texnologiyalarında ən çox müzakirə edilən məsələlərdən biridir.

“Robot müəllimlər” insan müəllimlərin yerini tam əvəz edə bilməz. Amma onların fəaliyyətini güclü şəkildə tamamlayar. Burada emosional dəstək məsələsi var.

İnsan müəllim şagirdin hisslərini anlayır, motivasiya verir. Robot isə empatiya qurmaqda məhduddur. Məktəbdə müəllim yalnız dərs demir, həm də şagirdin davranışını formalaşdırır, ünsiyyət bacarıqlarını inkişaf etdirir. Robot bunu edə bilmir. Həmçinin yaradıcılıq tələb edən vəziyyətlərdə, imtahan və ya həyati məsləhətlərdə insan müəllimlərin təcrübəsi əvəzolunmazdır.

“Robot repetitor”lar əlavə vasitə kimi çox faydalı olacaq. Amma təhsildə insan müəllimi tam əvəz etməsi real deyil. Ən optimal model “insan müəllim + süni intellekt dəstəyi”dir. Burada müəllim şagirdin emosional, yaradıcı və sosial inkişafına rəhbərlik edir, süni intellekt isə tədrisdə əlavə dəstək göstərir”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

“Robot repetitor” Rizvan Fikrətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr