AZ

II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub

Bakıda “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub.

"Report" xəbər verir ki, forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil edilib.

Mərkəzin icraçı direktoru Rəvan Həsənov bildirib ki, forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğruldub. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr aparıb, müxtəlif baxış bucaqlarını bölüşüblər və bir daha əmin olduq ki, gənclər bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Bakı ilə yanaşı Xankəndidə və Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir:

"Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir".

Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiqdir:

"Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi sütunudur. ICESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün sübutudur. Bu, həqiqətən də, təkcə iştirak baxımından deyil, həm də söhbətlərin dərinliyi, əməkdaşlıq ruhu və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlik baxımından böyük uğurdur”.

Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildirib.

Xatırladaq ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb. İştirakçılar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Heydər məscidini və Tolerantlıq Evini ziyarət ediblər. Forum iştirakçıları üçün ICESCO və onun Bakı Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzi və Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə “Müxtəlifliyin gücü: Gənclər sülh və qarşılıqlı anlaşmanın hərəkətverici qüvvəsi kimi” mövzusunda seminar keçirilib.

Seçilən
8
14
report.az

10Mənbələr