Son illərdə Bakı metrosunda yenilənmə işləri aparılır və sərnişinlər üçün daha rahat şərait yaradılması məqsədilə bir sıra layihələr həyata keçirilib.
Bu istiqamətdə inkişafı təmin etmək üçün Rusiyadan yeni metro qatarlarının sifariş edildiyi və onların tam ödənişinin həyata keçirildiyi bildirilmişdi.
Bəs Rusiyadan sifariş olunan metro qatarlarının ölkəyə gətirilməsi hazırda hansı mərhələdədir?
"Bakı Metropoliteni" QSC-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq vaqonların bir qısmi Bakıya gətirilib:
“2025-ci ildə Bakı metropolitenində 20 yeni nəsil vaqonun (4 qatar tərkibi) xəttə buraxılması planlaşdırılsa da, əlavə 10 yeni vaqonun (2 qatar tərkibi) Bakıya gətirilməsi nəzərdə tutulub.
Hazırda qeyd edilən vaqonlardan 4 qatar tərkibi (20 vaqon) Bakıya gətirilib və komplektləşdirilməsi aparılır. Yekun mərhələdə yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunacaq. Ümumilikdə cari ilin sonunadək Bakı metropoliteninin yeni nəsil vaqonlarının sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq."