AZ

Azərbaycana inam və etimad yüksək səviyyədədir

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan–Türkmənistan–Özbəkistan dövlət başçılarının yüksəksəviyyəli üçtərəfli görüşü iqtisadi-siyasi və qlobal əhəmiyyətli tarixi hadisə oldu. Bu görüş ölkələrimiz arasında yeni üçtərəfli əməkdaşlıq formatının yaranması deməkdir. Bunun əsasını xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dil və dini ortaqlıqlar təşkil edir. Hər üç ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan, Türkmənistan və Özbəkistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.

Ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında dövlət başçılarımızın rolu xüsusi qeyd olunmalıdır. Onlar arasındakı sıx təmaslar və dostluq əlaqələri ölkələrimiz arasındakı münasibətlərin inkişafının dinamikasını müəyyən edir, həmçinin beynəlxalq arenada uğurlu qarşılıqlı fəaliyyətə töhfə verir.

Ölkələrimizin iqtisadi əməkdaşlıq potensialı çox böyükdür. Türkmənistanda imzalanan dövlətlərarası sənədlər üç dost və qardaş ölkənin bundan sonra da qarşılıqlı əlaqələrini genişləndirmək və inkişaf etdirmək əzmini bir daha təsdiq etdi. Türkmənbaşı Sammitinin nəticəsi olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, eləcə də Azərbaycan, Özbəkistan və Türkmənistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlər imzalandı. Bu sənədlərdən irəli gələn öhdəliklərin icrası təkcə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə deyil, eyni zamanda da Şərq-Qərb dəhlizinin logistik imkanlarını daha da artırmaqla bütün Avrasiya məkanı ölkələrinin maraqlarına xidmət edəcək.

Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi türk dövlətlərinin bu baxımdan dünya üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzərində yerləşən türk dövlətləri Avropa ilə Asiya arasında birləşdirici rol oynayır. Üçtərəfli yüksəksəviyyəli görüşdə də bu məqamlar xüsusi vurğulandı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Bütün bunlar sözsüz ki, öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Çünki hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Azərbaycan önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində rolu olduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələr icra edilib.

Artıq əminliklə demək olar ki, türk dövlətləri arasında əlaqələr təkcə region üçün yox, qlobal müstəvidə də xüsusi əhəmiyyət daşıyır. Bu səfər Türk dünyasında həmrəyliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin nümunəvi modelinə çevrilən Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələrinin gələcəyinin nə qədər parlaq olduğunu bir daha sübut etdi və onu deməyə əsas verir ki, eyni kökdən və soydan olan qardaş ölkələr arasında bundan sonra da əlaqələr əhatəli şəkildə inkişaf edəcək.

Anar Məmmədov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sesqazeti.az

2Mənbələr