AZ

Azərbaycan Gürcüstanın 3+3 regional əməkdaşlıq platformasında iştirakı məsələsini vacib hesab edir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Cənubi Qafqazda “3+3” formatı regional əməkdaşlığın yeni modeli kimi ortaya çıxıb. Bu formatda Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, Türkiyə və İran yer alır. Adından da göründüyü kimi, üç Cənubi Qafqaz ölkəsi və üç qonşu dövlət bir araya gəlir. Məqsəd regional məsələlərin məhz region ölkələrinin iştirakı ilə müzakirə olunmasıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan üçün bu təşəbbüs postmüharibə dövründə sülh və inkişaf imkanlarını artırır.

Tural İsmayılov

“Bakı həm iqtisadi layihələrin, həm də təhlükəsizlik təşəbbüslərinin mərkəzindədir. Azərbaycanın iştirakı olmadan regionda böyük əməkdaşlıq platformalarının uğur qazanması mümkünsüzdür. Bu format münaqişələrin həllinə deyil, əməkdaşlığa yönəlmiş bir dialoq mexanizmidir. İranın rəsmi mövqeyi də bu platformanın əhəmiyyətini təsdiqləyir. Tehran hesab edir ki, region ölkələri xarici müdaxilələr olmadan öz məsələlərini həll etməlidirlər. Azərbaycan üçün bu yanaşma önəmlidir, çünki müstəqil qərarvermə Bakının əsas prinsiplərindəndir. “3+3” həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın strateji hədəflərinə xidmət edir. Burada əsas gündəlik kommunikasiya xətləri, tranzit imkanları və regional sabitlikdir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması, Bakı–Tbilisi–Qars xəttinin genişlənməsi və yeni tranzit imkanları gündəmdədir. Bu layihələr Azərbaycanın regiondakı rolunu artırır və ölkəni mühüm logistika mərkəzinə çevirir”-deyə Tural İsmayılov bildirib.

Politoloqun fikrincə, Azərbaycan iqtisadi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də bu platformadan faydalana bilər, çünki bölgədə etimad quruculuğu və sabitlik Azərbaycanın maraqlarına tam cavab verir: “Bakı “3+3” formatı çərçivəsində bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu göstərir. Bu da Azərbaycanın çoxşaxəli diplomatiyasını dəstəkləyir. Həm Türkiyə, həm Rusiya, həm də İranla münasibətlər bu platforma vasitəsilə daha da inkişaf etdirilə bilər. Eyni zamanda, region ölkələri arasında birbaşa dialoq imkanı yaranır. Azərbaycan bu formatda siyasi balansı qorumağa və qarşılıqlı faydalı münasibətləri gücləndirməyə çalışır. Bu, Bakının diplomatiya xəttinə uyğun bir addımdır”.

Politoloq vurğulayıb ki, Gürcüstanın iştirakı məsələsi hələ də açıqdır və Azərbaycan Tbilisinin platformada yer almasını vacib hesab edir, çünki Gürcüstan iqtisadi və nəqliyyat baxımından regional layihələrin əsas tərəfdaşlarındandır və Bakı bu istiqamətdə təşəbbüskarlıq nümayiş etdirir.

Tural İsmayılov qeyd edib ki, Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, “3+3” gələcəkdə münaqişələrin deyil, qarşılıqlı inkişafın platforması olmalıdır. Münaqişə dövrü artıq geridə qalıb. İndi əsas prioritet iqtisadi əməkdaşlıq və davamlı sülhdür. Azərbaycan bu yanaşmanı həm regional dövlətlərə, həm də dünya ictimaiyyətinə açıq şəkildə təqdim edir.

Politoloq vurğulayıb ki, nəticə etibarilə, “3+3” formatı Cənubi Qafqaz üçün tarixi əhəmiyyət daşıyır və Azərbaycan bu təşəbbüsün aparıcı iştirakçılarından biri kimi çıxış edir.

“Platforma həm sabitlik, həm də inkişaf üçün yeni imkanlar açır. İranın açıqlaması bu formatın reallığını və davamlılığını göstərir. Beləliklə, “3+3” Azərbaycanın maraqlarına xidmət edən, gələcəyə hesablanmış regional əməkdaşlıq modelidir. Bakı üçün bu platforma yalnız diplomatik masa deyil, həm də gələcək strategiyanın tərkib hissəsidir. Azərbaycan bu formatı dəstəkləməklə regiondakı lider rolunu bir daha təsdiqləyir”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
bizimyol.info

1Mənbələr