Şimali Atlantika Alyansının zabitləri yenidən Bakıda; internetin Rusiya seqmentində belə rəy yaradılıb ki, guya Bakı ilə NATO Moskva ilə münasibətlərdə yaranmış gərginlikdən sonra əməkdaşlığa başlayıblar
Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Quru Qoşunlarının “N” saylı hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndə heyətinin iştirakı ilə ekspert görüşü keçirilib.
Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Tərəflər həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin cari vəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Yada salaq ki, bundan əvvəl Azərbaycan hərbçiləri NATO-nun Müştərək Qüvvələr Komandanlığının treninqində iştirak edib.
Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasətin amillərindən biri kimi 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” sənədini imzalamaqla NATO ilə qarşılıqlı əməkdaşlığa başlayıb. Azərbaycan-NATO tərəfdaşlığının əsas istiqamətləri siyasi dialoq, sülhməramlı əməliyyatlar, terrorizmlə mübarizə, təhlükəsizliyin təmin edilməsi və müdafiəyə xüsusi önəm verilməklə praktiki əməkdaşlıqdır.
Son vaxtlar isə internetin Rusiya seqmentində belə rəy yaradılıb ki, guya Bakı ilə NATO Moskva ilə münasibətlərdə yaranmış gərginlikdən sonra əməkdaşlığa başlayıblar.
Rusiyanın “Nezavisimaya qazeta” nəşri iddia etmişdi ki, Türkiyə və Azərbaycanın hərbi idarə rəhbərlərinin imzaladığı memorandum 2027-ci ilə qədər Azərbaycanda NATO bölmələrinin yerləşdirilməsini mümkün edir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə açıqlamalarının birində “Moskva Azərbaycan və Ermənistanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyətindən qaynaqlanan narahatlıqları anlayacağına və belə "aqressiv hərbi blok"la əməkdaşlığın potensial təhlükələrini dərk edəcəyinə ümid edir" deyib. Zaxarova qeyd edib ki, NATO-nun bu regionda mövcudluğu təhlükəsizlik üçün fayda gətirmir, əksinə, Qərb dövlətlərinin əsas məqsədi bölgədə gərginliyi artırmaq, qarşıdurma nöqtələri yaratmaqdır...
Referans xəbər verir ki, Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, NATO ən yaxın müttəfiqimizin yer aldığı dost hərbi blokdur: “NATO-nun indiki mərhələdə Azərbaycanda hərbi baza ilə mövcudluğu qeyri-mümkündür. Çünki Azərbaycan dövləti ən ali səviyyədə bəyan edib ki, biz heç bir ölkənin hərbi mövcudluğunu ölkəmizdə görmək istəmirik. Bu, birmənalıdır. Bəli, Azərbaycan 1994-cü ildən NATO ilə hərbi əməkdaşlıq edir. Biz də ordumuzun NATO standartlarına tam keçidi üçün çalışırıq. Sülhməramlı kontingentlərimiz Əfqanıstanda, İraqda, Kosovoda NATO hərbçiləri ilə birgə fəaliyyət göstərib. Alyans üzvlərinin mütəmadi Bakıya gəlişi, hərbi hissələrimizə baş çəkməsi, eyni zamanda müəyyən hərəkətliliyi rutin tədbirlər silsiləsindəndir. Bu kimi görüşlər və hərəkətlilik öncədən razılaşdırılır. Plana müvafiq olaraq icra edilir. Digər tərəfdən, Rusiya NATO məsələsinə görə narahat olmasın. Bu, rəsmi Bakının şəxsi işidir. Azərbaycan zərurət yaranacağı halda öz sərhədləri daxilində istənilən hərbi bazaya müəyyən fəaliyyət imkanları tanıya bilər. Vaxtilə Rusiya Qəbələ RLS-in imkanlarından yararlanırdı. Yəni bizim təcrübəmizdə dövlətin hərbi-siyasi xəttinə uyğun olaraq istənilən hərbi əməkdaşlıq formatı mövcuddur. Üstəlik, Azərbaycan Türkiyə ilə hərbi-siyasi əməkdaşlığını müttəfiqlik səviyyəsinə qaldırıb. Qardaş ölkənin ordusu isə NATO çətiri altında formalaşmış ikinci ən böyük ordudur. Bir sözlə, NATO ən yaxın müttəfiqimizin yer aldığı dost hərbi blokdur”.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Rusiyanın mövqeyini bununla izah edir: “Bilirsiniz ki, Rusiya ilk dəfə belə sərt açıqlamalar vermir. Əsasən də son zamanlar Moskva ilə Bakı arasında olan gərginlikdən irəli gələn səbəblərə görə Zaxarova və digərləri ölkəmizə qarşı belə aqressiv addım atmaq üçün NATO-nun Azərbaycanla əməkdaşlığını bir mövzu kimi seçiblər. Bu məsələni qaynaqlandırıb gündəmdə saxlamağa çalışırlar. Məsələni özləri bilən istiqamətə yozmağa cəhdlər edirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan NATO ilə uzun illərdir ki, əməkdaşlıq edir. Təcrübələr öyrənilir. Əvvəl NATO bölüyü var idi, tabor yaranmışdı. Bu taborla sülh naminə təlimlər də keçirilmişdi. Bundan əlavə, NATO-da Müdafiə Nazirliyimizin nümayəndəsi var. Artıq Azərbaycan Ordusu NATO standartlarına uyğun şəkildə qurulub. Bunu da Rusiya daxilən qəbul edə bilmir. Niyə NATO standartlarına uyğun şəkildə ordumuz qurulub? Çünki tam şəkildə NATO ölkəsi olan Türkiyə modelinə keçmişik. Daim müasir silahlar alırıq. Biz artıq 70-80 faiz rus silahlarından imtina etmişik”.
Polkovnik NATO bazasının Azərbaycanda mövcud olmasını mümkünsüz hesab edir: “Təkcə NATO-nun deyil, ümumiyyətlə, heç bir ölkənin Azərbaycanda yerləşməsi gündəm mövzusu ola bilməz. Bu barədə dövlət başçımız da bir neçə dəfə açıqlamalar verib ki, Azərbaycanın özünün güclü ordusu var, bu ordu öz suverenliyini, ərazi bütövlüyünü qorumağa qadirdir. Ordumuzun döyüş qabiliyyəti yüksəkdir. Bunu Vətən müharibəmizdə sübut etmişik. Onun üçün də kənar bir yerdən hərbi bazanın ölkəmizdə yerləşdirilməsinə heç bir ehtiyac yoxdur. Zaxarova və digərlərinin dediklərinə heç bir əhəmiyyət vermək lazım deyil. Azərbaycan düzgün yolunu seçib. Bu yol istiqamətində də addımlar atır. Əlbəttə ki, NATO çox güclü bir blokdur. Bu blokun təcrübəsinin Azərbaycan Ordusuna daşınması, əlbəttə, təqdirəlayiqdir. Azərbaycan bu fürsətdən də istifadə edir. Gələcəkdə də bu xətt davam etdiriləcək. Onu da qeyd edim ki, Vətən müharibəmizdən sonra komando hərbi hissələri yaratdıq. Xüsusi təyinatlı hərbi hissələr əksər ölkələrin ordusunda mövcuddur. Əsas olan onun keyfiyyətidir. Türkiyə ordusundakı keyfiyyət hamımıza məlumdur. 1994-cü ildən NATO nümayəndələri ölkəmizdə olublar. Sülh naminə təlimlər keçirilib. İndi də NATO nümayəndələri olan vaxt Kreml narahat olmağa başlayıb. O zaman ölkəmizə qarşı belə aqressiv mövqe yox idi. Məhz bu günləri aqressiv mövqeni müşahidə edirik. Azərbaycan hansı dövlətlərlə əməkdaşlıq edir, bu onun öz seçimidir. Hər bir müstəqil dövlətin daxili işidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta