Ukraynada 18-22 yaş arası kişilər ölkəni tərk edərkən xarici pasportla yanaşı, hərbi qeydiyyat sənədini də təqdim etməlidirlər. Ulusal.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko telemarafon zamanı məlumat verib.
O bildirib ki, bu yaş qrupunun sərbəst şəkildə sərhədi keçməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hələ rəsmi olaraq dərc olunmayıb. Qanun dərc edilib qüvvəyə mindikdən sonra sərhədçilər həmin qaydaları tətbiq etməyə başlayacaqlar.
Yeni qaydalara əsasən, 18-22 yaşlı kişilər hərbi vəziyyət rejimi qüvvədə olduğu müddətdə Ukraynanı sərbəst şəkildə tərk edə biləcəklər. Lakin bu yaş qrupuna daxil olan və dövlət və ya yerli idarəetmə orqanlarında müəyyən vəzifələrdə çalışan şəxslər üçün əvvəlki məhdudiyyətlər qüvvədə qalır. Onlar yalnız rəsmi ezamiyyət əsasında ölkəni tərk edə bilərlər.
Demçenko qeyd edib:
“Əgər 18-22 yaş arası kateqoriyanı ümumi şəkildə götürsək, bu norma qüvvəyə mindikdə, onların yalnız xarici pasportla deyil, həm də hərbi qeydiyyat sənədi ilə sərhədi keçməli olduqlarını unutmaq olmaz.”
Onun sözlərinə görə, bu sənəd həm kağız, həm də elektron formada təqdim edilə bilər.
18-22 yaşlı kişilərin xaricə çıxışı
Xatırladaq ki, daha əvvəl Ukrayna Nazirlər Kabineti hərbi vəziyyət dövründə dövlət sərhədinin keçilməsi qaydalarını yeniləyib. Yeni qərara əsasən, 18-22 yaşlı kişilərə Ukraynanı sərbəst şəkildə tərk etməyə icazə verilib.
Baş nazir Yuliya Sviridenko qeyd edib ki, bu qərar müxtəlif səbəblərlə xaricdə olan vətəndaşlara da şamil olunur:
“Biz istəyirik ki, ukraynalılar Ukrayna ilə əlaqələrini maksimum şəkildə qorusunlar. Qaydalar rəsmi dərc olunandan bir gün sonra qüvvəyə minəcək,” – deyə o bildirib.